“İqtisadçı” 1/16 final mərhələsinə darmadağınla başladı - YENİLƏNİB
12.01.2011 - 15:09
“İqtisadçı” 1/16 final mərhələsinə darmadağınla başladı - YENİLƏNİB
Bu gün Bakının “İqtisadçı” voleybol klubu “Çelenc Cup” turnirinin 1/16 final mərhələsində ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Serbiyanın “Tent” komandası ilə qarşılaşan Azərbaycan Super Liqasının bürünc mükafatçısı asan qələbə qazanıb.

“Sərhədçi” Olimpiya Mərkəzində baş tutan görüşdə “İqtisadçı” rəqibinə “quru hesabla” qalib gəlib. Belə ki, ilk setdə serbləri 25:15 hesabı ilə məğlub edən voleybolçularımız II hissəni də 10 top fərqi ilə aktivlərinə yazmağı bacarıblar. Üçüncü set isə sonuncu olub. Bu dəfə də əvvəlki hissələrdə olduğu kimi 25:15 hesabı ilə qələbə qazanan universitet komandası 1/8 finala yüksəlmək üçün gözəl şans əldə edib.

Qeyd edək ki, bu qələbə “İqtisadçı”nın belçikalı yeni baş məşqçisi Jan de Brandtın debüt matçı idi.

Razılaşmaya əsasən, “İqtisadçı” - “Tent” arasında cavab görüşü də Bakıda keçiriləcək. Oyun sabah saat 17:00-da start götürəcək.

İlk oyun
“Tent” – “İqtisadçı” - 0:3 (15:25, 15:25, 15:25)
Hakimlər: Andrey Kovalçuk (Ukrayna), Sərdar Nisançıoğlu (Türkiyə).
“Sərhədçi” Olimpiya Mərkəzi.
0