Daha 1 komandamız 1/8 finalda! - YENİLƏNİB
13.01.2011 - 18:12
Daha 1 komandamız 1/8 finalda! - YENİLƏNİB
Bu gün Bakının “İqtisadçı” voleybol klubu növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Super Liqasının bürünc mükafatçısı “Çelenc Cup” turnirinin 1/16 final mərhələsində Serbiyanın “Tent” komandası ilə cavab görüşünü keçirib.

İlk görüşdə rəqibinə 3:0 hesabı ilə qalib gələn voleybolçularımız bu üstünlüyü əldən verməyiblər. Belçikalı baş məşqçi Jan de Brandtin gəlişindən sonra daha baxımlı oyun nümayiş etdirən universitet komandası cavab matçında da rəqibini “quru hesab”la məğlub edib.

Belə ki, “İqtisadçı” ilk setdə serblərin müqaviməti ilə üzləşsə də, bu çox davam etməyib. Voleybolçularımızı arxayınçılığın “qurbanına” çevrilməkdən baş məşqçi Brandt xilas edib. Onun taym-aut götürməsindən sonra öz oyunlarını tapan Bakı klubu 1/8 final mərhələsinə çıxmaqda çətinliklə üzləşməyib.

Qeyd edək ki, “İqtisadçı” öncə paytaxtın “Lokomotiv” klubu da eyni sevinci yaşamışdı.


“İqtisadçı” - “Tent” -3:0 (25:22, 25:16, 25:14)
Hakimlər: Sərdar Nisançıoğlu (Türkiyə), Andrey Kovalçuk (Ukrayna).
“Sərhədçi” Olimpiya Mərkəzi.
0