“Buna 3-cü dəfə imkan verməyəcəyik” - FOTO
21.01.2011 - 14:47
“Buna 3-cü dəfə imkan verməyəcəyik” - FOTO
“Sabah bizi ağır oyun gözləyir. Lakin bu matçın çətinliyinə baxmayaraq, sonda meydanı qələbə ilə tərk etmək istəyirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Azərreyl” voleybol klubunun baş məşqçisi Vüqar Əliyev deyib.

Sabah Azərbaycan Super Liqasında VII turun oyunları keçiriləcək. Turun mərkəzi görüşü isə “Rabitə” və “Azərreyl” komandaları arasında olacaq. İlk dövrədə Dejan Brdjoviçin yetirmələrinə uduzan “dəmiryolçular” bu dəfə revanş almaq arzusundadırlar. Əliyev bildirib ki, “Rabitə” ilə 3-cü dueldə onları yalnız qələbə qane edəcək: “Son turda çempionatın vahid liderinə çevrildik. Bunun üçün komandada gözəl abı-hava hökm sürür. İstəyirik ki, turnir cədvəlində mövqeyimizi sonacan belə saxlayaq. Bu arzumuzda “Rabitə” ilə oyun da mühüm əhəmiyyət kəsb edəcək. Çünki bu il artıq onlara 2 dəfə uduzmuşuq. Bakıda keçirilən beynəlxalq turnirdə və II turda rəqib bizdən güclü olub. Lakin buna 3-cü dəfə imkan verməyəcəyik”.

VI turda “İqtisadçı”ya 0:3 hesabı ilə uduzan “Rabitə” bu matçda məğlubiyyəti unutdurmağa çalışacaq. Baş məşqçinin sözlərinə görə, onlar bunu gözəl başa düşürlər və Azərbaycan çempionunun bu arzusunu həyata keçirməyə imkan verməyəcəklər: “Düzdür, son turda bizim liderə çevrilməyimizdə “İqtisadçı”nın qələbə qazanması mühüm rol oynadı. Onlar “Rabitə”yə qalib gəlməklə, bizi I pilləyə yüksəltdilər. Lakin bu heç də sensasiya kimi qəbul edilməli deyil. Çünki hazırda çempionluq uğrunda 4 komanda arasında gərgin mübarizə gedir. Bunun üçün bizim də “Rabitə”dən xal almağımız vacibdir. Başa düşürəm, Dejan Brdjoviçin yetirmələri son turda “İqtisadçı”ya uduzduqlarından bu dəfə xal itirməməyə çalışacaqlar. Ancaq bu bizi çəkindirmir. Yetirmələrim də bu amili yaxşı başa düşürlər və buna görə də rəqibə qarşı başqa taktika seçəcəyik. İnanıram ki, 3-cü cəhddə “Rabitə”yə qalib gələcəyik”.

Qeyd edək ki, “Rabitə” və “Azərreyl” qarşılaşması sabah saat 17:30-da start götürəcək.
0