Vitse-çempion “Apollon”u sınağa çəkəcək
31.01.2011 - 19:06
Vitse-çempion “Apollon”u sınağa çəkəcək
Sabah Bakının “Lokomotiv” voleybol klubu “Çelenc Cup”da növbəti oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, yarışın 1/8 final mərhələsində “dəmiryolçular” Kiprin “Apollon” komandası ilə ilk görüşlərini “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirəcəklər.

Draqutin Baltiçin kluba baş məşqçi təyin edilməsindən sonra uğurlu çıxış edən “Lokomotiv”in bu seriyanı davam etdirəcəyi gözləniləndir. Çünki Super Liqanın son vitse-çempionu ən pis halda “dördlər finalı”na yüksəlməyi planlaşdırır. İlk matçda qalib gəlmək isə voleybolçularımızı bu arzuya bir qədər də yaxınlaşdıracaq. Heyətində əsasən bolqarıstanlı və ukraynalı legionerlərin yer aldığı Limassol təmsilçisinin də Bakıya iddialı gəldiyini nəzərə alsaq, matçın çətin keçəcəyini söyləmək olar.

Qeyd edək ki, “Apollon” mübarizəyə I təsnifat mərhələsindən qoşulub. Onlar ilk 2 görüşdə Bolqarıstanın “Maritza” və Serbiyanın “Dinamo” komandalarına qalib gəliblər. 1/16 finalda isə Avropa Voleybol Konfederasiyası kiprlilərin rəqibi - Polşanın “Centrostal” klubunu yarışdan kənarlaşdırdığından onlar 1/8 final mərhələsində iştirak hüququ qazanıblar.
0