“Qələbədən həzz alıram” - MÜSAHİBƏ
04.02.2011 - 18:00
“Qələbədən həzz alıram” - MÜSAHİBƏ
Çempionlar Liqasının I pley-off mərhələsində “Rabitə”ni 3:2 hesabı ilə məğlub etmiş Çexiyanın “Modranska” klubunun voleybolçusu Şarka Kubinova klubun rəsmi saytına müsahibə verib. Apasport.az-ın xəbərinə görə, 23 yaşlı oyunçu qazandıqları qələbəni şərh edib və cavab matçı barədə fikirlərini açıqlayıb.

- Azərbaycan çempionu ilə oyunu necə dəyərləndirərdiniz?
- Biz var gücümüzlə mübarizə apardıq. Bəziləri deyir ki, səhvlərə yol verdiniz. Düzdür, bunu inkar etmirik. Hətta bəzən məhsuldarlığımız da aşağı olub. Lakin böyük istəklə oynayırdıq və qalib gəlmək istəyirdik. Əsas məqsədimizə isə nail olduq.

- Kifayət qədər gənc olsanız da, baş məşqçi sizi döyüşə atdı. Mövsüm ərzində artıq bir neçə dəfə qeyd edilib ki, oyunda özünüzü narahat hiss edirsiniz. Bu oyunda da həyəcanlı idinizmi?
- Azərbaycan çempionu ilə dueldə çalışırdım ki, bu hissləri keçirməyim və əsəbiləşməyim. Oyunda 0:1, II setdə isə 6:8 hesabı ilə geridə olarkən meydana daxil oldum. Bu nəticə matçın axırına yaxın olsa idi, qarşılaşmada dönüş yaratmaq çətin alınardı. Lakin biz görüşü xeyrimizə dəyişməyi bacardıq. Belə olan hallarda isə özümü daha yaxşı hiss edirəm.

- Bu oyun ölüm-dirim mübarizəsi idi?
- Məhsuldarlıq baxımından yox. Lakin mən həmişə qələbə qazananda həzz alıram. Qarşılaşmaya mənim prizmamdan yanaşsaq, şübhəsiz ki, bu, belə idi.

- Necə düşünürsünüz, bu qələbə qrup mərhələsinin sonuncu turunda “Kann” üzərində qələbənizlə müqayisə oluna bilərmi? Çünki həmin matçda da xeyli əziyyət çəkdiniz...
- Mən bunu daha böyük bir uğur sayıram. Çünki fransızlarla müqayisədə “Rabitə” ilə tay-brek çox uzun çəkdi. Biz çox gözəl oynadıq. 21:19 hesabı ilə qalib gəldiyimiz həlledici hissədə blokda Kemberli Qlassı məharətlə zərərsizləşdirdik. Həlledici məqamda biz istədiyimizə nail olduq.

- Növbəti mərhələyə yüksəlmək şansınızı necə dəyərləndirirsiniz?
- İndi Bakıya bir qədər rahat yollanacağıq. Çünki ilk matçda qələbə bizi ruhlandırıb. Bundan əlavə, orada uduzsaq da, elə bir problem olmayacaq. “Qızıl set”ə ümid edəcəyik. Bu isə lotereya kimi bir şeydir. Hansı komandanın əsəbləri yerində olsa və səhvsiz oynasa o da qalib gələcək.
0