“Azərreyl” meydanı “yandırdı”
08.02.2011 - 12:41
“Azərreyl” meydanı “yandırdı”
“Səfərdə qələbə qazanmağımız bizdə heç bir arxayınçılıq yaratmayıb. Klubumuzun bir məqsədi var: rəqibə set vermədən qalib gəlmək”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Azərreyl” voleybol klubunun baş məşqçisi Vüqar Əliyev deyib.

Gənc çalışdırıcı bu gün “Çelenc Cup” turnirinin 1/8 final mərhələsinin cavab matçında Ukraynanın “Ximik” komandası ilə oyuna münasibət bildirib: “Rəqibi zəif hesab etmək düzgün deyil. Onlar Ukrayna çempionatında birinci yerdə gedirlər. Perspektivli komandadır və heyətini gənc, yerli voleybolçular təşkil edir. Bizim səfərdə qələbə qazanmağımız isə təcrübəli oyunçularımızın hesabına baş verdi. Onlar “Ximik”lə oynadığı kimi çıxış etsələr, istənilən kluba qalib gəlmək mümkündür. Həmin qarşılaşmada qızlarımızı, sadəcə alovla müqayisə edə bilərəm. Yetirmələrim səfərdə alov kimi meydana girdi və oraları yandıraraq tərk etdilər. İnanıram ki, cavab matçında da belə olacaq. Çünki uduzmağa haqqımız yoxdur. Azarkeşlərimizi məyus edə bilmərik. Bunun üçün bu gün onlara yalnız baxımlı və gözəl oyun nümayiş etdirəcəyik”.

“Azərreyl” növbəti mərhələyə yüksələcəyi halda, “Kanti” (İsveçrə) və “SALO” (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Əliyevin sözlərinə görə, onlar çox güman ki, ilk görüşdə 3:0 hesabı ilə qələbə qazanan İsveçrə klubu ilə qarşılaşacaqlar: “Bizim üçün 1/4 finalda rəqibin kimliyi fərq etmir. Biz çempion olmağı planlaşdırırıq. İstəyirəm ki, məşqçiliyə başladığım debüt ilindəcə “Azərreyl”ə kubok qazandırım. Növbəti mərhələdə yəqin ki, “Kanti” ilə qarşılaşacağıq. Fikrimcə, yarımfinalda isə Rusiyanın “Uraloçka” komandası ilə cütlük təşkil edəcəyik. Düzdür, Nikolay Karpolun yetirmələri səfərdə Belçikanın “Asteriks” klubuna uduzub. Amma onlar sabah həmin məğlubiyyətin əvəzini çıxmaqla yanaşı, “Qızıl set”də də qələbə qazanacaqlar”.

Qeyd edək ki, ötən il Bakıda keçirilən beynəlxalq turnirdə Vüqar Əliyevin yetirmələri “Uraloçka”ya qalib gəlmişdi.
0