Özünü sübut matçı
09.02.2011 - 00:02
Özünü sübut matçı
Bakının “Rabitə” voleybol klubu Çempionlar Liqasında növbəti sınağına hazırlaşır. Apasport.az saytının məlumatına görə, Super Liqanın qalibi sabah I pley-off mərhələsinin cavab görüşündə Çexiya təmsilçisi “Modranska”nı qəbul edəcək.

Bu matç Dejan Brdjoviçin yetirmələri üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki “Dördlər finalı”na yüksəlməyi planlaşdıran bakılılar Çexiya çempionu ilə qarşılaşmada mütləq rəqibinə qalib gəlməlidir. Belə olan halda, voleybolçularımız II pley-off mərhələsinə ümid edə bilər. Lakin qələbə heç də “Rabitə”nin bütün arzularını həll etməyəcək. Onlar ən güclü “altılıq”da mübarizə aparmaq üçün “Qızıl set”də də eyni uğuru təkrarlamalıdırlar.

Səfərdə 2:3 hesabı ilə uduzan voleybolçularımız bunu reallaşdırmaq gücündədirlər. Çünki Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda 3 oyun keçirən “Rabitə” heç bir rəqibinə boyun əyməyib. Bu azmış kimi, Dejan Brdjoviçin yetirmələri yerli azarkeşlər önündə cəmi 1 setdə uduzublar.

Bakıda voleybolsevərləri qələbələri ilə sevindirən “Rabitə”nin bu seriyanı davam etdirəcəyini proqnozlaşdırmaq olar. Çünki “Modranska” klubuna qalib gələcək komandamız növbəti mərhələyə adlayacağı halda, ilk matçda məğlubiyyətin təsadüfi olduğunu da sübut edəcək.

Qeyd edək ki, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq oyun saat 17:00-da start götürəcək. Görüşü avstriyalı Eugen Kulhanek və ukraynalı Viktor Kozlovski idarə edəcəklər.
0