Qızıl setdə qızıl qələbə - YENİLƏNİB
10.02.2011 - 18:43
Qızıl setdə qızıl qələbə - YENİLƏNİB
“Rabitə” voleybol klubu bu gün Çempionlar Liqasında növbəti sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, Super Liqanın qalibi I pley-off mərhələsinin cavab görüşündə Çexiya təmsilçisi “Modranska” ilə qarşılaşıb.

Səfərdə 2:3 hesabı ilə uduzan komandamız növbəti mərhələyə yüksəlmək üçün mütləq qələbə qazanmalı idilər ki, bunu da bacarıblar. Düzdür, “Rabitə” ilk setin əvvəlində bir qədər çətinliklə üzləşərək, I və II texniki fasiləyə hesabda geridə yollanıb. Amma ruhdan düşməyən Azərbaycan çempionu oyunda tezliklə dönüş yaratmağı bacarıb. Nəticədə bu hissəni aktivinə yazan voleybolçularımız qələbədən sonra özlərinə gəlib və rəqibə çətin anlar yaşadıblar.

İkinci setdə də Dejan Brdjoviçin yetirmələrinin ciddi müqaviməti ilə rastlaşan “Modranska”nın baş məşqçisi Miroslav Çad əsas oyunçularına istirahət verməyi qərara alıb. Buna görə ilk 2 hissədən fərqli, 3-cü set “Rabitə”nin gözəl qələbəsi ilə başa çatıb – 25:19.

Bakı klubunun 3:0 hesablı qələbəsindən sonra 2 oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksələcək komandanın adı “Qızıl set”də müəyyənləşib. Ardıcıl 3 hissədə rəqibini məğlub edən “Rabitə” bu dəfə də inamlı çıxışı ilə azarkeşlərinə sevinc yaşadıb.

Onlar texniki fasiləyə hesabda geridə çıxmalarına baxmayaraq, sonda sevinən tərəf olublar - 15:11. Beləliklə, həlledici hissədə “Modranska”ya qalib gələn komandamız növbəti mərhələyə vəsiqə qazanmaqla yanaşı, Çexiyadakı məğlubiyyətin də təsadüfü olduğunu sübut edib.

Qeyd edək ki, “Rabitə” II pley-off mərhələsində Polşanın “Bank BPS Fakro” komandası ilə qarşılaşacaq. İlk oyun fevralın 22-24-də səfərdə, cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.

“Rabitə” - “Modranska” - 3:0 (25:21; 25:23; 25:19)
Qızıl set: 15:11
Hakimlər: Eugen Kulhanek (Avstriya), Viktor Kozlovski (Ukrayna)
“Sərhədçi” Olimpiya Mərkəzi
0