Milli komandada seks qalmaqalı
07.09.2011 - 15:30
Milli komandada seks qalmaqalı
Bakının “Lokomotiv” voleybol klubunun baş məşqçisi Draqutin Baltiç Bolqarıstan milli komandasında da tutduğu eyni vəzifədən qovulub. Apasport.az-ın Bolqarıstan mətbuatına istinadən məlumatına görə, sloveniyalı çalışdırıcının bu aqibəti yaşamasının 2 səbəbi var.

Bunlardan biri Avropa çempionatının final mərhələsinə hazırlaşan Bolqarıstan yığmasının hazırlıq matçlarındakı uğursuz nəticələridir. Digər səbəb isə daha böyük əks-səda doğuran seks qalmaqalıdır.

Belə ki, Baltiç yığmanın 2 üzvü – Kristina Ruseva və Svetelina Zarkovaya bir gecəlik cinsi əlaqə təklif edib. Bildirilir ki, o yetirmələrinə sms yazaraq, komandanın Varna şəhərində məskunlaşdığı otelindəki otağına dəvət edib. Hətta sms-in məzmunu da Bolqarıstan mətbuatına sızıb: “Qapını 3 dəfə döyün ki, mən məhz sizin gəldiyinizi bilim və buna uyğun hərəkət edim”.

Bolqarıstan Voleybol Federasiyasının vitse-prezidenti İvaylo Konstantinov məsələyə aydınlıq gətirərək, istefaya həqiqətən uğursuz nəticələrin səbəb olduğunu, sms qalmaqalının isə bununla üst-üstə düşdüyünü bildirib: “Mən müstəntiq deyiləm ki, Baltiçin voleybolçulara belə təklif edib-etmədiyi barədə məlumat verəm. Əgər bu olubsa, həqiqətən də çox pis haldır. Xüsusilə də, onun öz şəxsi karyerası üçün. Biz isə onsuz da onunla yollarımızı ayırmışıq”.

Qeyd edək ki, bu, Baltiçin Bolqarıstanda üzləşdiyi ilk qalmaqal deyil. “Lokomotiv”i “Çelenc Cup”ın finalına yüksəldən mütəxəssis bundan öncə Yeva Yanayeva və “Lokomotiv”də də onun rəhbərliyi altında çıxış edən Diana Nenova və Mariya Filipovanı da yığmadan kənarlaşdırdırmışdı. Elə buna görə də baş məşqçi bu ölkədə qınaq obyektinə çevrilmişdi.
0