Bolqarıstan Voleybol Federasiyası Draqutin Baltiç məsələsinə aydınlıq gətirdi
08.09.2011 - 17:20
Bolqarıstan Voleybol Federasiyası Draqutin Baltiç məsələsinə aydınlıq gətirdi
Bolqarıstan Voleybol Federasiyası seks qalmaqalını təkzib edib. Apasport.az saytının məlumatına görə, qurumun prezidenti Daçko Lazarev Bakının “Lokomotiv” klubunun baş məşqçisi Draqutin Baltiçin Bolqarıstan milli komandasından qovulmasını yığmadakı fəaliyyəti ilə əlaqələndirib.

Lazarev bildirib ki, bu söhbətlər əsassızdır: “Draqutin Baltiçlə bağlı hər hansı bir seks qalmaqalı yoxdur. Bu məsələ yalandan şişirdirilib. Biz onu yoxlama oyunlarında Türkiyəyə 2 məğlubiyyətə görə vəzifəsindən azad etmişik və Baltiçə bu xəbəri baş katib Stanislav Nikolov çatdırıb. Bu qərarımız sırf idman xarakteri daşıyır”.

O həmçinin seks qalmaqalı ilə bağlı araşdırmaların yekunlaşdırdığını da bəyan edib. Qurum sms-in 2 voleybolçuya Baltiçin nömrəsindən gedib-getməməsi ilə bağlı mobil operatora müraciət edib və cavabında bunun yalan olması təsdiqini tapıb: “Həqiqətən də sentyabrın 4-də Baltiçin telefonundan saat 00:00-dan 02:30-a kimi cəmi 2 mesaj göndərilib. Amma bunun biri Rumıniya, digəri isə Sloveniya istiqamətində olub. Onu ittiham edən voleybolçuların telefonuna gələn sms-lərin isə kim tərəfindən yollanmasını araşdırmamışıq. Çünki bu, qızların şəxsi işidir”.

Qeyd edək ki, Türkiyə yığması hər iki oyunda Avro-2011-in final mərhələsinə hazırlaşan Draqutin Baltiçin yetirmələrini 3:0 hesabı ilə məğlub etmişdi.
0