Azərbaycan avrokuboklardakı bir yerdən məhrum edildi
01.01.2022 - 15:51
Azərbaycan avrokuboklardakı bir yerdən məhrum edildi

Avropa Həndbol Konfederasiyası (EHF) ölkələrin yeni klub reytinqini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, cədvəl 2018/19, 2019/20 və 2020/21 mövsümlərinin nəticələrinə əsasən tərtib olunub.

Bu cədvəl avrokubokların 2022/23 mövsümündəki klub təmsilçiliyini müəyyənləşdirib. Azərbaycana qitə səhnəsində verilən yerlər məlum olub.

Yeni mövsümdə ölkəmiz ümumilikdə 6 komanda ilə təmsil olunmaq hüququna malikdir. Hazırda davam edən mövsümdə Avropaya 7 komanda çıxarmaq imkanı olan Azərbaycan avrokuboklardakı yerlərinin birindən məhrum edilib. 

Buna qadın həndbolçuların geriləməsi səbəb olub. Qadınların siyahısında Azərbaycan 3,67 xalla 35-cidir. Bir il əvvəl 25-ci olan ölkəmiz 10 pillə aşağı yuvarlanıb.

Bu, Azərbaycana qarşıdakı mövsümdə hamısı EHF kubokunda olmaqla üç yer verir. Hərçənd bir il əvvəl bu rəqəm 4-ə bərabər idi. Həmin vaxt bir komandamız Avropa Liqası, üçü EHF kubokunda çıxış edə bilərdi. Lakin Azərbaycan Həndbol Federasiyası son illərdə yalnız bir komanda “Azəryol”u EHF kubokuna sifariş edir. Bu komandanın da ardıcıl uğursuzluqları vəsiqələrin itirilməsi ilə nəticələnib. 

Kişilərin reytinq siyahısında isə Azərbaycan 0,67 xala malikdir. Bir pillə irəliləyərək, Gürcüstanı keçən ölkəmiz 41-ci sırada qərarlaşıb.

Bu göstərici Azərbaycana yalnız EHF kubokunda təmsil olunmağa, bu yarışa üç komanda sifariş etməyə hüquq var. Son illərdə də eyni hüquqa malik olsaq da, kişi həndbolçularımız qitə kuboklarına qatılmayıb.

Qeyd edək ki, reytinq siyahılarında kişilərdə Almaniya (145,00), qadınlarda Macarıstan (157,67) 1-ci pillədədir.
 

0