Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsümün açılış mərasimi olub.
Apasport.az saytının məlumatına görə, “Murov” klubunun Biləcəridəki idman zalında baş tutan mərasimdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov, I vitse-prezident Faiq Qarayev və digər rəsmilər iştirak ediblər.
Qurbanov yarışa qatılacaq komandalara uğurlar arzu etdikdən sonra bu idman növünün daha da kütləviləşəcəyinə inam ifadə edib.
Faiq Qarayev də voleybolun ölkədə sevilməsindən söz açıb. Bildirib ki, bu çempionatda əsasən gənclərə üstünlük veriləcək və növbəti mövsümdə daha təcrübəli oyunçuların mübarizəsinin şahidi olacağıq.
Açılış mərasimindən sonra Cavid Qurbanov brifinq keçirib. O, jurnalistlərə açıqlamasında çempionat və qarşıdakı planlarla bağlı danışıb.
- Koronavirus pandemiyasına görə, uzun müddət idi ki, Azərbaycan çempionatı keçirilmirdi. Bu gün start götürən yeni mövsüm barədə nə deyə bilərsiniz?
- Hələ başlasınlar. Hər şey komandaların oyunundan asılıdır. Komanda oyunu bir qədər çətindir. İdmançıların əməyini puça çıxarmaq istəmirəm. Bizdə fərdi idman növlərində daha çox inkişaf, qələbələr var. Amma kollektiv oyunlarda o qədər də inkişafımız yoxdur. Düzdür, voleybol komanda idman növlərində bir növ bayraqdar olub. Bir neçə dəfə kuboklar qazanmışıq, Avropa çempionatında 4-cü yeri tutmuşuq. Amma klublar güclü yox, zəif oyunçusu ilə hesablanır. Əgər komandanın oyununda bir nəfər səhv edirsə, bu, bütün kollektivin çıxışına təsir edir. Arzu edək ki, onlar əsl komanda olaraq oynasın. Ölkəmizin inkişafı çox güclüdür. Düzdür, pandemiya hər şeyin yolunu kəsmişdi. 44 günlük müharibədə zəfər qazandıq. Quruculuq işləri artıq başlayıb. Pandemiya da sakitləşməyib, gündə bir ştam əmələ gəlib. Hər halda çempionata yenidən start verməyə çalışdıq. Məni yenidən prezident postuna layiq gördükləri üçün voleybol aləminə də təşəkkür edirəm. Əlimdən gələni etməyə çalışacağam ki, voleybolumuzun inkişafı dayanmasın, ən azı səviyyəsi aşağı düşməsin.
- Çempionatda komanda sayının artırılması ilə bağlı plan varmı?
- Komanda sayının artırılması sahibkarların, məktəblərin əlindədir. ABŞ-da, Belçikada və digər xarici ölkələrdə əsas komandalar universitet təmsilçiləridir. Federasiya komanda saxlamalı deyil. Klub yaradılması və onları qəbul edib, inkişafına dəstək verməyə hazırıq. Amma bunun üçün müraciət olmalıdır. Bizdə bəzi məsələlər fərqli formada qəbul olunub. Hamı deyir ki, komandanı federasiya saxlamalıdır. Ancaq bu belə deyil. Bizim işimiz o komandalara köməklik göstərməkdən, icazələr almaqdan, dünyada qəbul olunmuş standartları onlara çatdırmaqdan ibarətdir. Bu cür etmək lazımdır. Hesab edirəm ki, qanunvericilikdə də boşluq var. Klubları saxlayan sahibkarlara, universitet komandalarına güzəştlərin tətbiq edilməsi məsələsinə baxılmasının vaxtı gəlib çatıb. Yəqin ki, bu amil hökumətimizin, ölkə başçımızın diqqətindən kənarda deyil. Prezidentimiz axırıncı dəfə “Qarabağ” futbol klubunu qəbul edərkən də hiss etdik ki, bu məsələlərə yenidən baxılacaq.
Qeyd edək ki, Super Liqada 4, Yüksək Liqada 5 komanda mübarizə aparacaq. Kişi voleybolçular 4 dövrədə yarışacaqlar. Yüksək Liqada “Neftçi”, “Murov”, MOİK, “Ekspress” və “Sərhədçi” qüvvəsini sınayacaq. 6 dövrədən ibarət olacaq Super Liqada “Azərreyl”, “Murov”, “Abşeron” və UNEC qalibin adını müəyyənləşdirəcək. Liqaların ən güclüsü qələbə sayına əsasən müəyyənləşəcək.
Çempionat Super Liqa matçı ilə başlayacaq. “Murov” “Abşeron”u sınağa çəkəcək. Günün ikinci görüşündə isə MOİK - “Neftçi” oyunu olacaq.