İtaliyanın Battipaglia şəhərində çimərlik voleybolu üzrə 20 yaşadək idmançılar arasında Avropa çempionatına start verilib.
Apasport.az xəbər verir ki, yarışda oğlanların mübarizəsində 33 ölkədən 40, qızların yarışında isə 33 ölkədən 41 cüt iştirak edir.
Azərbaycanı turnirdə İbrahim Məmmədov/Muhamməd Aslanlı və Səbinə Əlizadə/Leyla Əliyeva cütləri təmsil edir.
Qızlardan ibarət cütümüz təsnifat mərhələsində Portuqaliya təmsilçiləri ilə qarşılaşıb. Səbinə Əlizadə və Leyla Əliyeva rəqiblərinə 0:2 (14:21, 16:21) hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.
İbrahim Məmmədov/Muhamməd Aslanlı isə təsnifat mərhələsində Serbiya təmsilçilərinə 2:0 (21:6, 21:11) hesabı ilə qalib gələrək əsas mərhələyə yüksəlib.
Azərbaycanlı voleybolçular əsas mərhələdə ilk oyunlarını Finlandiyanın Vanhatupa/Viljamaa cütünə qarşı keçiriblər. Gərgin mübarizə şəraitində keçən görüşdə təmsilçilərimiz 2:1 (14:21, 21:18, 15:10) hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, İbrahim Məmmədov/Muhamməd Aslanlı cütü növbəti oyununu sabah Norveçin Kjemperud/Ringoen cütünə qarşı keçirəcək.