UEFA Avropa Liqasının VII turunda keçiriləcək "Qarabağ" - FKSB matçından öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun barədə fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, Qurbanov daha sonra media nümayəndələrinin suallarını cavablandırıb:
"İlin ilk Avroliqa oyunudur. Bu oyuna tam hazır olmaq bizim üçün çox vacibdir. Pis hazırlaşmamışıq. Bəzi problemlərimiz var. Yaxşı komandaya qarşı oynadığımızı bilirik. FKSB çox yaxşı nəticələr göstərmiş komandadır. Rumıniya futbolu həmişə öz ciddiliyi, sərt oyunu ilə seçilib. Sabah vacib mübarizəyə hazır olmalıyıq. Hazırıq da. Vacib qələbə əldə etmək istəyirik".
- İtkilər var. Bu itkilərdən çıxış edərək, sabahkı matçda hansısa taktiki dəyişikliyə gedəcəksiz?
- Elə də ciddi dəyişikliyimiz olmayacaq. Çünki bütün futbolçularla eyni tərzdə məşq edib, düşündüklərimizi meydanda tətbiq etməyə çalışırıq. Hansısa xırda dəyişiklik ola bilər, hücumun qurulmasında, ya başlanmasında. Amma illərdir hansı sistemdə oynayırıqsa, onu daha da yaxşılaşdırmağa çalışırıq. Sabahkı matçda səhvlər etməməliyik. Bu komanda xırda səhvi də bağışlamır. Bəzi məqamlar var, ona çox diqqət ayırmalıyıq. Həmişə oyunumuzu daha da yaxşılaşdırmağa çalışmışıq.
- FKSB-nin sahibi Gigi Bekali deyib ki, komandası "Qarabağ"ı məğlub edəcək. Bununla bağlı fikriniz necədir?
- Normal. Bu idmandır. Hər bir rəqibin rəhbəri, məşqçisi, futbolçusu istənilən açıqlamanı verə bilər. Hərə bir tərzdə verir. Biz də onları məğlub etmək istəyirik. Deyəcək fikrim yoxdur. Normal yanaşıram.
- Rəqiblər açıqlananda FKSB ilə bağlı nə düşünürdüz? Onları turnir cədvəlinin üst pillələrində görmək sizin üçün gözlənilməzdir?
- Rəqiblər açıqlananda elə bir ciddi fikrim olmadı. Bütün komandalara ciddi yanaşıram, heç birinə fərq qoymuram. Sadəcə hazırlıq zamanı dəyişiklik olur. Amma FKSB-nin nəticəsini də normal sayıram. Göstərdiyi oyuna, məsuliyyətinə görə haqlı nəticələri var.
- FKSB-nin ən güclü tərəfi hansıdır?
- Futbol kollektiv oyundur. Kollektiv oyunu təkmilləşdirmək məşqçi və komanda üçün çətindir. Bu komandanın ən üstün cəhəti odur ki, müdafiədə, hücumun gedişatında hamı çox sadə və çox kollektiv şəkildə oyun intizamını qoruyub-saxlaya bilir.
- "Qarabağ"ın sahibi Abdolbari Gozal bir neçə gün əvvəl vəfat etdi. Onun dünyasını dəyişməsi klubdaxilində hansı ab-hava yaradıb? Bunla bağlı düşüncələriniz necədir?
- Həm klub, həm də Azərbyacan futbolu üçün ağır itkidir. Onun "Qarabağ" və mənim üzərimdə böyük haqqı var. Həmçinin Azərbaycan futbolu üzərində zəhməti çox olub. Elə insan idi ki, hər addımını düşünərək atırdı. "Qarabağ" klubunun uğuru üçün də çox şüy edib. Ürəkdən və sevərək... Onun kimi insanın həyatı tərk etməsi hər birimiz üçün böyük itkidir. Klubda üzgünlük var. Çalışırıq ki, futbolçularımızı oyuna tam hazırlayaq. Nə etsək də, bunu tezliklə unuda bilməyəcəyik. Allah rəhmət etsin.
- 24 komanda arasına düşmək üçün bu matçda qələbə qazanmalısız. Bu məqam komandaya psixoloji təsir edir?
- Qalibiyyət üçün hazırlaşırıq. Amma çox da dərinə getmək lazım deyil. Etdiyimiz kiçik uğurlardır. Onları etmək asan deyil. Qələbə üçün hazırlaşmışıq. Sadəcə rəqibi də nəzərə almaq lazımdır. FKSB asan komanda deyil.
- Matçın hakimi ilə bağlı Rumıniya mətbuatında narazılıqlar var. Onun qəddar olduğu bildirilir. Bununla bağlı komandaya tapşırıqlar vermisiz?
- Bu haqda düşünməməyimiz daha yaxşı olar. Oyunqabağı futbolçularımızı buna yönləndirmək düzgün deyil. Amma hər oyundan qabaq hakimlərin hansı məqamlara xüsusi diqqət etdiyi futbolçulara bildirilir. Bu haqda futbolçulara məlumat verəcəyik.
- Dorinel Muntyanu, Adrian Mutu, Mirça Rednik, Laurentsi Regekampfa qarşı komandalarınız oynayıb. Hansı məşqçini daha güclü sayırsız?
- Hər birini salamlayıram. Hər birinə qarşı oynamaq mənim üçün xoş olub və hər biri böyük addır. Amma hansının daha güclü olduğunu deməyim düzgün çıxmaz. Mirça Rednikə qarşı oyunlarımız daha maraqlı olub. Amma hər birinin futbolda böyük imzası var. Onlara uğurlar arzulayıram.
- Rumıniyada klublar tez-tez baş məşqçini dəyişirlər. Adətən məşqçilər maksimum 2 il işləyir. Onlara məsləhətiniz nə olardı?
- Bəlkə Rumıniyada məşqçilər çoxdur deyə, bu qədər dəyişikliklər edirlər.