“Sumqayıt”ın qış hazırlıq planı bəlli olub.
Apasport.az xəbər verir ki, bunu “Gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Sumqayıtlılar dekabrın 23-də baş tutacaq “Səbail”lə oyundan sonra istirahətə buraxılacaq. Yeni ilin yanvar ayının 3-də Sumqayıtda toplaşacaq futbolçular hazırlıqlara doğma şəhərdə start verəcəklər.
Üç gün davam edəcək məşqlərin ardınca komanda Türkiyənin Antalya şəhərinə yollanacaq. Yanvarın 6-dan 17-dək Lara bölgəsində yerləşən “Concorde Deluxe” otelində məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. 8, 12 və 16 yanvar tarixlərində keçiriləcək qarşılaşmalarda rəqiblər hələ dəqiqləşməyib.
Qeyd edək ki, “Sumqayıt” 17 turdan sonra Premyer Liqanın turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.