"Maraqlı oyun keçdi. Hərdən coşub hakimlərin üstünə qışqırırıq. Amma bir tərəfdən də dəstək olmaq lazımdır".
Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 23-cü turunun "Səbail"lə oyunundan (2:2) sonra "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Kadirini fasilədə əvəzlədiz. Bu, nə ilə bağlı idi?
- Oyun planında mərkəzdə 2-3 gecikməsi oldu. Rəqib ondan top almaq istəyirdi. 4 gün bundan əvvəl yaxşı oyun keçirib. İstədik ki, ikinci hissədə sürəti artıraq. Onun yerinə Vandersonu öyünə buraxdıq. Mənə elə gəlir ki, pis dəyişiklik olmadı.
- 1 xala sevinirsiz, yoxsa məyus olursuz?
- Ümumi götürəndə səfərdə 1 xal pis deyil. Amma 2:1 öndə idik, hesabı qoruya bilərdik. Epizodlarımız oldu, fərqi artıra da bilərdik. Mənə elə gəlir ki, bu gün 2 xal itirdik.
- Orxan Əliyevin yüksələn performansını nə ilə əlaqələndirirsiz? Kapitanlığı ona verməklə bağlı ola bilər?
- Düşündük ki, yerlilərə daha çox təkan vermək lazımdır ki, özlərinə gəlsinlər. 3-4 gündən bir oyunlar futbolçulara fiziki cəhətdən pis təsir edirdi. Heyətimiz elə də geniş deyil ki, böyük dəyişikliklər edək.
- "Səbail"i mövsüm ərzində məğlub edə bilməmisiz. Bunu necə şərh edərdiniz?
- İlk oyunda hakim səhvi var idi. 45-ci dəqiqədə qapımıza penalti verdi. Bu gün deməzdim ciddi hakim səhvləri oldu. Amma elə şeylər var ki, referilər öz üzərlərində işləməlidirlər. "Səbail"lə 3 oyunun hamısında yaxşı oynamışıq. Yerli futbolçuların ustalıq tərəfini inkişaf etdirməliyik ki. Legionerlərimiz pis deyil. Bəxtsizliklə əlaqələndirmək olar.