Tərlan Əhmədov: “Kəpəz”də çörəkpulu qazanan insanların bəziləri mənim arxamca danışır”
09.09.2024 - 11:43
Tərlan Əhmədov: “Kəpəz”də çörəkpulu qazanan insanların bəziləri mənim arxamca danışır”

“Kəpəz”in sabiq baş məşqçisi, təcrübəli mütəxəssis Tərlan Əhmədov apasport.az saytına müsahibə verib.

- Bir müddətdir ki, karyeranızda durğunluq hiss olunur... “Kəpəz”dən ayrıldıqdan sonra danışıqlar apardığınız klublar oldu? Hazırda sizlə bağlı hansı yeniliklər var?
- Hələ ki, hansısa təklif yoxdur. Durğunluqdur. Gözləmə mövqeyindəyik. Yenə də ölkə çempionatını izləyirik, analizlərimizi aparırıq. Amma heç kimlə danışıqlar aparmırıq. “Kəpəz”dən ayrıldığım zamandan bu tərəfə yeni nəsə yoxdur. Nə mən kiməsə müraciət etmişəm, nə də kimsə mənlə əlaqəyə keçib. Kimlərsə deyə bilər ki, Tərlan hardansa nəsə gözləyir, kimlərəsə yalvarır. Bunların hamısı boş söhbətlərdir. Heç kimlə danışmamışam. Yaxın zamanda təklif olacaq, yoxsa yox, bunu bilmirəm. Bu, klub nümayəndələrindən asılı olan məsələdir. Futbol lazım olanda savadlı mütəxəssislərə ehtiyac yaranacaq, o cümlədən də Tərlan Əhmədova. Gördüyüm işlər, verdiyim nəticələr, hamısı göz önündədir. Statistikalar tarixdə qalır. Buna dəyər verilmirsə, daha nəyin olacağını bilmirəm. 

- “Kəpəz”dən qalmaqallı şəkildə göndərildiz. Buna baxmayaraq heç nə dəyişmədi, komanda yenə də elitada qalmaq uğrunda mübarizə aparır...
- “Kəpəz”in uğursuzluğunda mənim heç bir günahım yoxdur. Komandanı “uğursuzluq zolağı”na mən salmamışdım, salanlar salmışdı. Əksinə, həmin yerlərdən yuxarı çıxarmışam. 6 turdan sonra aktivində 0 xalı olan “Kəpəz”ə gəldik. Çox ağır dönəm keçirdik. 9 ay ərzində əziyyət çəkdik. Son pillələrdən qurtulduq, “Sumqayıt”la 7-8-ci yerləri bölüşürdük. Nəticədə komanda elitada qaldı, aşağı diviziona düşmədi. Daha uğurlu çıxış edə, 4-5-ci yerlər uğrunda mübarizə apara da bilərdik. Lakin qarşımıza qoyulan hədəf elitada qalmaq idi. Tərlan Əhmədov da “Kəpəz”i Premyer Liqada saxladı. İki il ömür verdi. Sonda rəhbərlik müqaviləni yeniləmək istəmədi. Səbəb nə idi, nə deyildi, bilmirəm. Özləri bilər. Bu gün ordan çörəkpulu qazanan insanların bəziləri, onun-bunun, həmçinin mənim arxamca danışır. Adıma min dənə söz çıxarırlar. Heç bir yerdə uğursuz olmamışam. Çalışdığım hər yerdə nəticə vermişəm. “Neftçi”də Böyükağa Hacıyevin köməkçisi işlədiyim zamanda da 41 gün hazırlaşdırdığım komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Ardınca autsayder olan AZAL-ı elitada saxladım və “təyyarəçilər” 3 il daha Premyer Liqada çıxış etdi. Sonda klub rəhbərliyinin qərarı ilə ölkə çempionatını tərk etdilər.

- Klubun problemi nədədir? Çıxış yolunu nədə görürsüz?
- Gəncənin “Kəpəz”i bu vəziyyətdə olmamalıdır. Komandanın çıxış yolunu bilmirəm. Bunu futbol funksionerləri, sponsorlar bilir. Klub AFFA-dan maliyyə yardımı da alır. Uzun müddətdən sonra Premyer Liqaya qayıdan komanda yarıcan qalıb. Hər il məqsəd elə elitada qalmaqdır. Hamı nəyin necə olduğunu bilir. Gəncə futbolunda istedadlı oyunçu həddən artıq çoxdur. Vaxtilə millimizin əsas üzvlərinin bir çoxu bu şəhərdən çıxıb. Bu günün özündə də Gəncə məktəbinin yetirmələri bir çox klubların şərəfini qoruyur. Ora futbol şəhəridir. İstər gənc nəsil olsun, istər yaşlı, orda futbolu hamı sevir. “Kəpəz”in yaxşı çıxış etməsini çox istəyirlər. O komandanı bu vəziyyətə salmaq olmaz. Federasiya və nazirlik diqqətini bura yönəltməlidir. Çünki Azərbaycan futbolunun gələcəyi üçün Gəncədən çox şey asılıdır. AFFA tərəfindən UEFA-nın ayırdığı maliyyə hesabına orda maddi-texniki baza tikilib, stadionlar salınıb. Bu qədər vəsait ayrılan komanda aşağı diviziona düşməyə layiq deyil. Böyük işlər görülməlidir. Yeni rəhbərlər, sponsorlar gəlməlidir. Klubu futbolu bilən insanlar idarə etməlidir. “Kəpəz”in çıxış yolu futbol funksionerlərinin yığışıb komanda üçün uğurlu addımlar atmasıdır. 

- Daha öncə çalışdırdığınız “Neftçi”nin də durumu ürəkaçan deyil...
- “Neftçi” də “Kəpəz”in yaşadığı aqibəti yaşayırdı. 5 turdan sonra aktivində 1 xalı olan komandaya gəldim. Nəticədə “ağ-qaralar”ı mükafatçılar sırasına çıxardım. Ötən mövsüm “Kəpəz”də yaşadığım ssenarini yazanın ssenarisi ilə “Neftçi” ilə vidalaşdıq. 2017-ci ildən bu günə klubda böyük dəyişikliklər olub. Rəhbərlik, iş sistemi, loqo, baza və heyətin 99 faizi dəyişib. Amma təsəvvür edin ki, həmin müddətdə “Qarabağ”da köklü dəyişiklik baş verməyib. Hər il komandanın özəyini qorumaqla, 2-3 mövqe transferi edirlər. “Neftçi”də isə strategiya düzgün deyil. Bu qədər dəyişikliyin fonunda da komanda uğurlu çıxış edə bilmir. “Ağ-qaralar”ın bugünkü aqibəti heç yaxşı görünmür. Hazırkı gedişat, komandanın oynadığı futbol və məşqçi işi hələ ki, ürəkaçan deyil. Bu da ümid vermir ki, “Neftçi” bu mövsüm baxımlı futbol oynayacaq və ya mükafatçılar sırasına düşəcək. Üç aydır ki, Roman Qriqorçuk burdadır. Təlim-məşq toplanışını özü keçib, siyahı önünə qoyulsa da, futbolçuları özü seçib. Komandaya 9 oyunçu cəlb olunub. Onların 7-si son matçda (“Şamaxı” – 0:0) iştirak edib. Amma nə məşqçi işi, nə də hansısa yenilik görünmür. Ukraynalı hələ ki, bu işin öhtəsindən gələ bilmir. Yəqin ki, o da hansısa problemlə üzləşib. Futbolçular öz potensiyalından aşağı çıxış edirlər, komanda oyunu yoxdur. Heyət yaxşıdır. Uğurlu nəticə əldə oluna bilər. Lakin gələcək ümidverici olsa idi, ən azından 5 oyunun birində normal futbol görərdik. Komanda “Neftçi” adına uyğun çıxış etməlidir. “Ağ-qaralar”ın əzəmətli günləri qayıtmalıdır. Ölkənin tarixi klubudur. “Flaqman” adı hər nə də olsa, hələ üzərindədir. 

- “Ağ-qaralar” üçün mövsümün sonu necə görünür?
- Bu mövsüm “Neftçi” nəyinki çempionluq mübarizəsinə qoşulacaq, hətta 4-cü pillədə qərarlaşsa, böyük işdir. Hələ kollektivin “Zirə” və “Qarabağ”la oyunları qarşıdadır. Komanda qarşısına elitada qalmağı məqsəd qoyan klublarla duellərdə əziyyət çəkirsə, xal itirirsə demək ki, mükafatçılar sırasına düşmək üçün iş getmir. 

İsmayıl Xeyrullayev
 

writer photo
İsmayıl Xeyrullayev
0