"Araz-Naxçıvan" komandasının baş məşqçisi Azər Bağrovun apasport.az saytına müsahibəsi:
- "Araz-Naxçıvan" "Qarabağ"ı məğlub etməsindən sonra komandadan və Azər Bağırovdan gözləntilər artdı. Belə qələbənin ardından qeydə alınan 2 məğlubiyyətin səbəbi nə ilə bağlıdır?
- Bu gün"Araz-Naxçıvan" olaraq top komandalardan biri deyilik ki, bütün çempionatı başladığımız qaydada bitirək. Əlbəttə ki, enişlər yoxuşlar, yüksəlişlər olmalıdır, olur da. Ümumilikdə, çempionatın 11 turunu çox yaxşı, istədiyimiz səviyyədə keçirdik. "Sumqayıt"la oyunu bəyənməsək də, "Kəpəz"lə bol qol epizodları yaratdıq. Sadəcə olaraq, imkanlardan yararlana bilmədik. Ancaq, biz hazırda o komandalardan deyilik ki, qapımızda rəqibə heç bir qol epizodu yaratmağa imkan verməyək. Rəqib də bir epizod yaratdı və ondan maksimum yararlandı. Müdafiəyə çəkildilər və biz istədiyimizi edə bilmədiyimiz üçün sonda məğlub olduq. Lakin, bu məğlubiyyətin səbəbinin "Qarabağ" üzərində qələbə ilə əlaqədar olduğunu hesab etmirəm.
- Qısa müddətdə toplanan heyətin bu qədər yüksəlişi nəyin sayəsində mümkün oldu?
-Birlik sayəsində. Bu nəticələrin səbəbi yaxşı bir kollektiv formalaşdırmaqdır. Eləcə də, futbolçuları qələbəyə inandırmaq vacibdir.
-Çoxları "Araz- Naxçıvan"ı mövsümün sürpriz komandası adlandırır. Bu fikirlərlə razısız?
- Sürpriz və yaxud necə adlandırdıqları önəmli deyil. Mənim üçün önəmli olan komandanın yaxşı iştirakı və zədələrin olmamasıdır. Bugünkü gündə komandamızda mikro zədələr var. Amma, şükürlər olsun ki, böyük problem, əzələ, sümük zədələri yoxdur.
- Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə uğursuzluq zolağından çıxmaq baxımından faydalı ola bilər...
- Bəli. Keçən fasilələr də bizə yaxşı təsir etdi. İnanıram ki, bu fasilədə də komandaya müsbət təsirini göstərəcək. Və itirdiyimiz xalları geri qaytarmağa başlayacağıq.
- Komandada yerli oyunçulara fürsət verdiyinizi görürük. Baş məşqçi kimi yerli oyunçu yetişdirmək yoxsa güclü legioner gətirmək fikrindəsiniz?
- Yerli və ya legioner önəmli deyil. Əslində yaxşı, yaddaqalan oyunlar və nəticələr olur. Amma, bacardıqca eyni qaydada yerli futbolçulara şans vermək istəyirik. Komandamızın üzvü Turan Manafov milli komandadan dəvət aldı. Bu bizim qısa vaxtda gördüyümüz işlərin sanki bir meyvəsidir. Onun timsalında çalışacağıq ki, bundan sonra yerli futbolçulara çox şans verək, onlar da özlərini doğrultsunlar. Həmçinin, bizim də Azərbaycan futboluna az da olsa, bir töhfəmiz olsun.
- Sizə Azərbaycanın ikinci Qurban Qurbanovu deyirlər. Bəs biz gələcəkdə ikinci "Qarabağ" kimi bir komanda görəcəyik?
- Qurban müəllim olmağım mümkün deyil. Onun Azərbaycan futbolunda öz dəsti xətti var. Qurban Qurbanov həm Azərbaycanda, həm də Avropada ən titullu və öz işi ilə seçilən məşqçilərdəndir. Bu gün "Qarabağ" kimi bir komanda formalaşdırmaq da fikrimcə, önümüzdəki 10 ildə mümkün deyil. Çünki "Qarabağ"ın yaşını, komandada görülən işləri, Avropadakı uğurları nəzərə alsaq, Azərbaycandakı hər bir klub üçün bu hələ ki, əlçatmazdır.
- Azər Bağırovun "Araz-Naxçıvan"la bağlı ən böyük məqsədi nədir?
- Uzunmüddətli planlar qurmağı xoşlamıram. Bəli, hər hansı bir təklif, uzunmüddətli bir proyekt olarsa həmin o proyektdə olmağa həmişə varam. Sadəcə olaraq, bir proyektdə dayaqlar və bir görünüş lazımdır ki, biləsən ki, orada doğrudan da böyük bir iş var. Heç vaxt hər hansı bir çətinlikdən qorxmamışam. Çətin bir işin də qulpundan yapışmağa həmişə hazıram.
- Belə başa düşürəm ki, gələcəyinizi də Azərbaycan futboluna həsr edəcəksiniz…
- Gələcəyimi, həyatımı və bütün bacarığımı Azərbaycan futboluna verməyə həmişə hazıram. Yəni, Azərbaycan futbolunda çalışmağa, futbolçularını, gənclərini yetişdirməyə hər zaman namizədəm…
- Fan-klub liderindən etiraf: Rəhbərlik Samir Abasova qarşı bizi doldurmuşdu
- Samir Abasovun "Sumqayıt"a "xəyanət"inə nöqtə
- Junior Martins: "Kim Avropa Liqasında oynamaq istəməz?!" - Müsahibə
- Şahin Diniyev: “Eyforiyaya qapılmışdıq, hamımız günahkarıq” - Müsahibə
- Rauf Əliyev: “3:0 hesablı qələbəyə heç kim inanmazdı” - Müsahibə