Rauf Əliyev: “3:0 hesablı qələbəyə heç kim inanmazdı” - Müsahibə
17.11.2023 - 16:57
Rauf Əliyev: “3:0 hesablı qələbəyə heç kim inanmazdı” - Müsahibə

Azərbaycan milli komandasının sabiq forvardı Rauf Əliyevin apasport.az saytına müsahibəsi 

- Görüşdən əvvəl sən də daxil olmaqla millinin sabiq futbolçularına simvolik olaraq qızılı rəngdə çərçivəyə salınmış Azərbaycan milli komandasının formaları və xüsusi hədiyyə təqdim edildi...
- Əlbəttə, oyundan əvvəlki tədbir bizim üçün çox xoş oldu. Sağ olsun AFFA rəhbərliyi. Sərxan Hacıyevə, Gənclər və İdman naziri Fərid Qayıbova təşəkkürümü bildirirəm. Bizi diqqətdə saxladılar, hədiyyələr verdilər. Bizə göstərilən qayğı həqiqətən xoş idi.

- Vida görüşünün təşkil edilməsi ilə bağlı fikir var idi?
- Xeyr, vida matçı ilə bağlı fikir yox idi. Açığı, özüm də, belə bir hadisənin tərəfdarı deyiləm. Sağ olsunlar, diqqət göstərdilər, oyunqabağı dəvət etdilər.

- Milli komanda və aktiv futbolçuluq karyeranı başa vurmusan. Maraqlıdır, milli karyerası deyəndə, ilk hansı matç və hansı qolunu xatırlayırsan?
- Məncə, milli karyeram çox uğurlu olub. Milli tarixində çox yaxşı oyunlarım var. 2011-ci ildəki "ilin futbolçusu" nominasiyasına layiq görülməyimdə əsas səbəb millidəki qollarım, oyunum oldu. Həmin il çox uğurlu alındı. 2011-ci ildə Qazaxıstan və Belçika ilə görüşlərdə qol vurmağım yaddaqalan hadisələrdəndir. Şimali İrlandiyaya da səfərdə qol vurmuşdum. Əsasən Qazaxıstan, Belçika görüşlərini qeyd edərdim. Yoldaşlıq görüşü olsa da, bu matçlardan sonra Albaniyaya səfərdə qol vurmuşdum. Ardıcıl qollar vururdum. Rusiyaya qarşı Bakıda bərabərliklər də unudulmaz matçlardandır. 

- Dünən millimizin İsveçlə görüşdə xal qazanacağına inanırdın? 3:0 hesabı yəqin ki, sənin üçün də gözlənilməz nəticə oldu.
- Oyundan əvvəl də demişdim ki, komandamızın uduzmayacağına, bir xal qazanacağına inanıram. Millimiz çox yaxşı oyun nümayiş etdirdi. İlk dəqiqələrdən milli rəqibin ayılmasına imkan vermədi. Bu adətən daha çox bizə qarşı olurdu. Amma bu dəfə biz etdik. İsveç şokdan ayılmamış ikinci qolu vurduq, bundan sonra milli rahat futbol oynadı, qol epizodlarımız da var idi. Lakin düzü, 3:0 hesablı qələbəyə heç kim inanmazdı. Yığmamızı təbrik edirəm. Emin Mahmudovun qolu isə möhtəşəm idi.

- Səncə, yığma komandamız qrupun əvvəlindən bu cür oynaya bilməzdi?
- Canni De Byazi çox rotasiyalar edirdi, dəyişikliklərə gedirdi. Sağ müdafiəçini sol cinaha, sol müdafiəçini sağ cinaha qoyurdu. Sistemdə dəyişiklik çox olurdu. Lakin son matçlarda konkret heyət və düzülüş seçmişdi. Oyunçular da bir-birini daha yaxşı başa düşməyə başlamışdı.

- Son olaraq, Belçika matçı. Vaxtı ilə səfərdə 1: 4 hesabı ilə uduzduğumuz rəqibdən səfərdən xal ala bilərik? İsveç qələbəsindən sonra ruh yüksəkliyi də yəqin kömək edəcək...
- Komandada əhval-ruhiyyə çox yaxşıdır. Amma rəqib Belçikadır. Özü də, səfərdə oynayırıq. Millimiz üçün çox çətin olacaq. Allah qoysa, yaxşı nəticə əldə edərik. Səfərdə sürpriz bərabərlik əla olardı. Millimizə uğurlar.

writer photo
Rasim Sultanzadə
0