Əsgər Abdullayev: Min yeyənin olsun, bir deyənin olmasın!
26.11.2008 - 19:00
Əsgər Abdullayev: Min yeyənin olsun, bir deyənin olmasın!
Bakının “Olimpik” klubunun baş məşqçisi Əsgər Abdullayevin apasport.az saytına müsahibəsi

- Komandanızın başa çatmaqda olan ilk dövrədə çıxışını necə qiymətləndirərdiniz?
- Hesab edirəm ki, əsas məsələ startdan birinci çıxmaq yox, finişə birinci gəlməkdir. Fikrimcə, hələ heç nə itirilməyib. 6-cı yerdə qərarlaşmağımızın obyektiv səbəbləri var. Bildiyiniz kimi, çempionat başa çatandan sonra heyətdə böyük dəyişikliklər etdik, 14 futbolçu ilə vidalaşdıq. Az vaxt ərzində bu qədər oyunçunu yığmaq çox çətindir. Bir neçə menecerlərlə söhbət etdik, bir neçə futbolçunun oyunu olan kasetləri izlədik. Ancaq həmin futbolçular gəlmədiyindən, onları başqaları ilə əvəzlədik. Bütövlükdə seleksiya işimiz belə oldu. Futbolçuların eyni vaxtda gəlməməsi istər-istəməz oyuna öz mənfi təsirini göstərir. Mən hələ UEFA kubokunda “Voyvodina” ilə oyundan əvvəl xətlər arasında əlaqənin lazımi səviyyədə olmadığını demişdim. 6-cı yerdə getsək də, liderdən 6 xal geridəyik. Fikrimcə, üç xallıq sistemdə bu fərq normaldır. Əsas məqsədimiz qış fasiləsinə bu fərqi qoruyub saxlamaq, ikinci dövrədə rəqiblərimizə qalib gəlməkdir.

- Ötən mövsüm komandanızın müdafiə xətti çox etibarlı idi və çempionatda cəmi 7 top buraxmışdı. İndi isə ilk dövrə başa çatmamış 9 qol buraxmısınız. Bu nədən irəli gəlir: “beton” müdafiənizin sütunları zəifləyib?
- Ayrı-ayrılıqda oyunçular pis olmasa da, komanda tam formalaşmamışdı. Komanda şəklində istədiyim oyunu görmürdüm. Çünki uyğunlaşmaq üçün vaxt lazım idi. Ancaq inanıram ki, ikinci dövrədə daha uğurlu çıxış edəcəyik. Keçən mövsüm müdafiəmiz çox etibarlı olsa da, indiki kimi çoxlu qol vəziyyətləri yaratmırdıq. Əfsuslar olsun ki, topu axıra kimi çatdıra bilmirik. Tez-tez mövqe dəyişiklikləri oyuna öz mənfi təsirini göstərir. Yalnız indi heyəti tam müəyyənləşdirmişəm. Bəziləri ilk dövrəni qurtarmaq üzrə olduğunu nəzərə alsaq, buna başqa cür baxa bilər. Ancaq mən istədiyim oyunu tapmaq fikrində idim. Məşqçi daim axtarışda olmalıdır. Komanda düzgün yoldadır və ikinci dövrədə daha yaxşı çıxış etməyə qadirdir.

- Keçən mövsümlə müqayisədə ehtiyat oyunçular skamyanız uzanıb, rəqabət artıb. Ancaq bunu komandanın çıxışında öz əksini tapmaması təzad yaratmır ki?
- Futbolçular bütün komponentlərdə 100 faiz hazır olmalıdır. Futbolda xırda problem yoxdur. Problem varsa, həll olunmalıdır. Mənə elə gəlir ki, problemlərimiz həll olunmaq üzrədir və ikinci dövrəyə nikbin danışmağım komandaya olan inamdan xəbər verir.

- “Olimpik”in ötən mövsümkü çıxışı böyük müzakirə obyektinə çevrildi. Anti-futbol oynamağınızla bağlı çoxlu fikirlər səsləndi. Fakt odur ki, həmin vaxt nəticə var idi. Bəlkə Azərbaycanda nəticə qazanmaq üçün həmin vaxt seçdiyiniz taktikaya üstünlük vermək lazımdır?
- Məşqçi heyəti, taktikanı iki amilə görə qura bilər: futbolçulara və öz məşqçilik biliyinə, istəyinə görə. Elə taktika seçilə bilər ki, futbolçu bunun öhdəsindən gələ bilməz. Bu zaman taktika öz bəhrəsini vermir. Ötən mövsüm bizdən belə çox danışılmasına səbəb “Olimpik”in birdən-birə meydana çıxıb nəhəng klublarla baş-başa vuruşması, çoxları üçün başağrısına çevrilməsi idi. Fikirləşirdilər ki, necə yəni “Olimpik” belə güclü çıxış edə bilər? Gələcəkdə, elə ikinci dövrədə də belə olacaq. Heç narahat olmasınlar.

- Yəni “Olimpik” maliyyə imkanlarına görə rəqiblərindən geri qaldığı halda, uğurlu çıxışı qıcıq yaradırdı?
- Maliyyə məsələlərinə qarışmaq istəmirəm. Bu klubların öz işidir. Sadəcə, söhbət “Olimpik”in birdən-birə ortaya çıxıb belə yaxşı oynamasından gedirdi. Futbolda üç cür hücum var: sürətli, jurnalistlərin dili ilə desək əks-hücum, tədricən və standart vəziyyətlərdə hücum. Keçən mövsümkü heyətimiz daha çox əks-hücuma uyğun gəlirdi və bunu görə belə taktika seçmişdik. Müasir futbolda həm hücum etməyi, həm müdafiə olunmağı bacarmalısan. “Dədə Qorqud” dastanında gözəl bir məsəl var: Torpağı qorumursansa, onu becərməyə dəyməz. Becərmirsənsə, onu qorumağa dəyməz. Bu həyatdan götürülmüş bir şeydir və indiki məqamda yerinə düşür. Hazırda irəlidə gedən komandaların böyük əksəriyyəti bu sistemlə oynayır. Bəs niyə hamı susur? Məgər bunu görmürsünüz?

- “Olimpik” keçən mövsüm qış çempionu olduğu halda, indi 6-cı yerdədir. Komandada geriləmə olduğunu hesab etmirsiniz?
- Kuboku da nəzərə alsaq, 7 oyundur uduzmuruq. Deməli, irəliləyiş var. Son 5 turda 9 qol vurub, üçünü buraxmışıq. Bu toplardan birini öz qapımıza vurmuşuq. Rəqiblərimiz arasında turnir cədvəlində ən çox irəliləyən bizik. Son çempion “İnter” iki, “Olimpik” isə üç pillə irəliləyib. Bu da onu göstərir ki, komanda istədiyim səviyyəyə yaxınlaşır və özünü tapır. Fikrimcə, “Olimpik”də perspektiv, potensial böyükdür. Bizi tez sıradan çıxarmağa ehtiyac yoxdur.

- Komandanız ötən mövsümkü kimi, mətbuatın böyük diqqət mərkəzində deyil. Həmin populyarlıq üçün darıxmırsınız?
- Yaxşı bir məsəl var, min yeyənin olsun, amma bir deyənin olmasın. “Olimpik” üçün antireklam böyük reklam oldu. Gələcəkdə də öz sözümüzü deyəcəyik. Çünki komandamız dayanmır, liderlərə yaxınlaşır. Onu bilməlidirlər ki, “Olimpik” yenə yuxarı yerlər, mükafatlar uğrunda oynayacaq. Hələ bu çempionatda öz sözümüzü deməmişdik. Bunu edəcəyimizə böyük inamım var.

- Kubokda finala çıxmaq şanslarınız daha yaxşıdır. Yəni, avrokuboklara bu turnir vasitəsilə çıxmaq nisbətən asandır...
- Heç vaxt rəqibləri reytinqə görə bölmək fikrim olmayıb. Həmişə futbolçulara demişəm ki, zəif komanda yoxdur. Zəif hazırlıq, rəqiblə hesablaşmamaq var. Əsas məqsədimiz hər bir oyuna sonuncu matç kimi çıxmaqdır. Kubokda “Qəbələ” ilə düşdüyümüzdən rəqibin çətin komanda olmadığını deyə bilmərəm. Bu, düzgün olmazdı. Hər bir komandanın ilk rəqibi elə özüdür. Gözlənilməz xal itkiləri, zəif hazırlıq rəqibi saymazyanalıqla bağlıdır. Rəqibin vəziyyətini şişirtmək də lazım deyil. Ancaq həmişə onunla hesablaşmaq lazımdır. Çempion olmaq istəyirsənsə, özünü daxilən hər bir görüşə sonuncu oyun kimi hazırlamaq lazımdır.

- Komandanızı mövsümü mükafatçılar sırasında başa vurmaq gücündə sayırsınız?
- Mövsümün mükafatçılar sırasında başa vurmaq istəyimiz böyükdür. Futbolçularıma, komandama inanıram. İkinci dövrəyə tam hazır gələcəyik.

- Sizcə, çempionatımızın səviyyəsi qalxıb?
- Liderlərin tez-tez dəyişməsi, 7-8 komandanın birinci yer uğrunda mübarizə aparması çempionluq şansının qalması çempionatda səviyyənin qaldığını göstərir. Kimin çempion olacağını indidən heç kim deyə bilməz. “Qarabağ” son turda “Xəzər-Lənkəran”ı səfərdə 3 qol vurmaqla məğlub etdi. Bütün bunlar ikinci dövrədə mübarizənin daha maraqlı olacağından, hər şeyin yenidən başlanacağından xəbər verir.

- Keçən mövsüm son anda çempionluğu təhvil verdiyiniz “İnter” yenə liderdir və titulunu qorumağa doğru irəliləyir. Bu komandanı aşkar favorit saymırsınız?
- Mən təkcə “İnter”i yox, 7-8 komandanı favorit sayıram. Kimin çempion olduğunu isə ikinci dövrənin sonu göstərəcək.

- Legionerlərə qoyulan limitin bu mövsümdən ləğv olunmasının həm komandanıza, həm də ümumi çempionata nə dərəcədə təsiri olub?
- Ola bilsin ki, bu qərar haradasa klubların xeyrinədir. Ancaq milli komandamız üçün bunu faydasız sayıram. Futbolumuzda inkişafa nail olmaq üçün ölkəmizə səviyyəli legionerlərin gəlməsi çox vacibdir. Azərbaycanlı futbolçulardan səviyyəcə 5-6 dəfə, qat-qat üstün olan legionerlər çox azdır. Bunlar 1-2 nəfər ola, olmaya.

- Belə demək olar ki, limit ləğv olunandan sonra klublara yerli futbolçulardan çox pul istəməyən əcnəbiləri dəvət etmək sərf edir?
- Kiminsə pulunu saymaq düzgün deyil. Elə fikrim də yoxdur. Sadəcə, söhbət ölkəmizə çox güclü əcnəbilərin gəlişindən gedir. Yerli futbolçular da bunların yanında inkişaf etməlidirlər. Misal üçün, Aslan Kərimov, Mahmud Qurbanov kimi hörmət etdiyim futbolçularımız özlərini təsdiqləyiblər. Gənclər də belələrindən çox faydalanırlar. Ölkəmizə gələn legioner də belə səviyyədə olmalıdır. Öz oyunçularımız onlardan nəsə öyrənməlidir.

- Ancaq ölkəmizə müxtəlif səbəblərdən yüksək səviyyəli legionerlərin gətirməyin çətin olması reallığını qəbul etmək lazımdır...
- Hər halda, belə oyunçular mümkündür və lazımdır.

- Misal üçün, “Olimpik” bunu reallaşdırmaq iqtidarındadır?
- Lap elə yüksək səviyyəli olmasa da, orta səviyyəli legionerləri gətirə bilərik. Məsələ ondadır ki, təkcə “Olimpik” üçün yox, Azərbaycan futbolu üçün bir neçə belə yüksək səviyyəli əcnəbi futbolçuların gəlməsi daha yaxşı olar.

- Hücum xəttindən narazılığınız var. “Neftçi”də oynadığınız vaxtda da hücumçuların çox qol imkanlarının boşa verməsi qeyd olunurdu. Bu “əbədi xəstəliyin” müalicəsi yoxdur?
- O vaxtkı “Neftçi”nin oyunçularını indikilərlə müqayisə etmək düzgün deyil. Çünki həmin vaxt hücumçular çox güclü, səviyyəli olub. Hər hücumçu, futbolçu öz üzərində fərdi işləməlidir. Hücumçularda belə problemi aradan qaldırmaq üçün məşq prosesləri üçün şəraitin yüksək olmasından da çox şey asılıdır. Şərait olanda oturub saatlarla bu problemin aradan qalxması üçün işləyəcəksən. Hücumçular bir şeyi bilməlidir ki, hər bir topa zərbə vurarkən oyun səviyyəsində olduğu kimi hazır olmaq, bunun axırıncı imkan kimi nəzərdə tutmaq lazımdır. Misal üçün, son turda MOİK-lə oyunda hücumçularımız elə imkanlardan istifadə etmədi ki, həmin vaxt qol vurmamaq qol vurmaqdan çətin idi.

- Qış fasiləsində hücum xəttində, ümumiyyətlə komandada böyük dəyişikliklər gözlənilir?
- Komandanı bu səviyyəyə çatdırdığımızdan, indi-indi özünə gəldiyindən heyəti qoruyub saxlayacağıq. Ola bilsin ki, hücum xəttinə 1-2 nəfəri dəvət etdik. Bizə qol vurmağı bacaran, qol duyumu yaxşı olan hücumçu lazımdır. Yenilərin gəlişi ilə həm də komandada rəqabəti artıracağıq.

- Yaxşı tanıdığınız braziliyalı hücumçular Junivan Suareslə Leandro Qomeşin oyununun lazımi səviyyədə olmaması nə ilə bağlıdır?
- Junivanın qol duyumu çox güclüdür. Sadəcə, zədələr ona bu mövsüm tam açılmağa imkan vermir. Samir Musayev də zədə problemi ilə üzləşib. Qomeş əzmkardır, meydanda işgüzarlığı ilə özünü doğrulmağa çalışır. Sadəcə, Leandronun uzun müddət oynamamağı öz təsiri göstərir. Hər halda, hücum xəttini gücləndirmək istəyirik.

- Qış fasiləsində vidalaşacağınız futbolçular müəyyənləşib?
- Hələ ki, belə oyunçu yoxdur və bu haqda danışmaq tezdir. İlk dövrə başa çatandan sonra bu məsələ müzakirə olunacaq.

- Hakimliyin səviyyəsi sizi nə dərəcədə qane edir?
- Həyatda hər bir adam səhv etməyə qadirdir. Amma biri var ki, bu bilməyərəkdən, bir də var qəsdən olur. Bilərəkdən səhv etmək böyük cinayətdir.

- Adətən məşqçilər nəticə olmayanda günahı hakimlərdə görürlər.
- Danışanda gərək faktların olsun və dediklərini bütün Azərbaycan ictimaiyyəti təsdiqləsin. Düzlüyün onda bilinir. Yoxsa hər dəqiqə hakimlikdən də danışmaq düzgün olmazdı. Mən 1-2 oyun məcbur olub hakimliyə toxunmuşam. Əsas məsələ qərəzin olmamağındadır.

- Axı, bunu necə dəqiq müəyyənləşdirmək olar? Hansı hakim qəsdən səhv etdiyini boynuna alar?
- Məgər futbolçu səhv etmir? Hakim də səhv edə bilər. Söhbəti fırlamağa gəlincə, bizim yanımızda bunu edə bilər. Amma göydə Allah var və o hər şeyi görür. Allahın qarşısında yalan danışa bilməyəcək. Qərəzli hakimlik Azərbaycan futbolu üçün böyük xəyanətdir.

- “Neftçi”dən kənarlaşdırılan Rəşad Sadıqov, Georgi Adamiya kimi oyunçuları komandanızda görmək istədiyinizi demişdiniz. Mahmud Qurbanov da “İnter”i tərk etmək fikrindədir. Belə futbolçuların “Olimpik”ə keçidi nə dərəcədə realdır?
- İndidən bu haqda açıqlama vermək istəmirəm. Bu futbolçular Azərbaycan səviyyəsində öz sözünü deyiblər. Onları baxışa gətirməyə ehtiyac yoxdur. Onlar “Olimpik”ə gəldi-gəlmədi uğurlar arzulayıram.