Kristof Daum: Aziz Yıldırım məni ölümlə hədələyib
15.06.2010 - 17:06
Kristof Daum: Aziz Yıldırım məni ölümlə hədələyib
“Fənərbaxça” klubunun baş məşqçisi Kristof Daum Türkiyədə və Almaniyada şok yaradacaq açıqlama verib. Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, baş məşqçi “Tranbzonspor” ilə çempionluq şansının itirildiyi son oyundan sonra “Fənərbaxça”nın prezidenti Aziz Yıldırım və vitse-prezident Murat Özaydınlı tərəfindən ölümlə təhdid edildiyini söyləyib.

Kristof Daum bildirib ki, oyundan sonra Aziz Yıldırım və Murat Özaydınlı onunla bir araya gəliblər: “Məndən birtərəfli qaydada “Fənərbaxça”dan ayrılmamı istədilər. Mən mövcud vəziyyətdə birtərəfli qaydada bağlanmış müqavilədən imtina etməyə müsbət yanaşmadım. Dedim ki, gəlməmişdən əvvəl 1 illik müqavilə istəmişdim, siz 3 illik müqavilə bağladınız və müqavilənin də şərtlərini yerinə yetirmək məcburiyyətindəsiniz. Cavabında dedilər ki, bizi çətin vəziyyətdə qoyma, müqaviləni ləğv edək, əks halda sənin və ailənin təhlükəsizliyini qorumayacağıq. Mən də onların sözlərinin təhdid xarakteri daşıdığını bildirdim və müqavilənin şərtlərinin yerinə yetirilməsini istədim. Onlar yenə də bundan sonra Türkiyənin mənim və ailəm üçün qorxulu olacağını söyləyərək, məni qorxutmağa çalışdılar. Görüş o an mənim üçün bitdi”.

Daum bildirib ki, ailəsini Almaniyada qoyaraq iyunun 17-də Türkiyəyə gələcək. O, təhlükəsizliyinin qorunması üçün Almaniyanın İstanbuldakı baş konsulluğuna müraciət edəcəyini vurğulayıb: “Lazım gəlsə, 3 mühafizəçi ilə gələrəm. Mən “Fənərbaxça”nı və Türkiyəni çox sevirəm. Normal şərtlərdə çox rahat bir anlaşma ilə məsələ qapana bilərdi. Ancaq özüm və ailəm ölümlə təhdid edildiyi üçün haqqımı sona qədər müdafiə edəcəyəm. İstanbulda evimdə də qalmaram, oteldə qalaram və mühafizəçilərimlə də İstanbulda istədiyim kimi gəzərəm. Bu işdən əl çəkməyəcəm”.

Bu arada o da məlum olub ki, klub rəhbərliyi bağırsağında kiçik bir cərrahi əməliyyat keçirən Kristof Daumun bu problemindən də yararlanmağa can atır və İstanbula gələrkən özü ilə sağlamlıqla bağlı sənəd gətirməsini istəyir. “Fənərbaxça” rəhbərliyi baş məşqçini təkrar Türkiyədə də müayinədən keçirmək niyyətindədir.