"Fənərbaxça"dan açıqlama: "Mourinyonun sözləri bilərəkdən təhrif edilib"
25.02.2025 - 14:46
"Fənərbaxça"dan açıqlama: "Mourinyonun sözləri bilərəkdən təhrif edilib"

Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo ötən gün "Qalatasaray"la matçdan (0:0) sonrakı açıqlaması ilə gündəm olub. 

Apasport.az xəbər verir ki, rəqib komandanın ehtiyat oyunçular skamyasında əyləşənləri meymuna bənzədən portuqaliyalı "Qalatasaray"ın açıq hədəfinə çevrilib. 

Belə ki, "sarı-qırmızılılar" Mourinyonu prokurorluğa, FIFA və UEFA-ya şikayət edəcəyini bildirib. 

"Sarı-lacivərdlilər" məsələ ilə bağlı açıqlama yayıb: 

"Baş məşqçimiz Joze Mourinyonun matçın sonunda verdiyi açıqlama tamamilə kontekstdən çıxarılıb və bilərəkdən təhrif edilib.

Mourinyonun qarşılaşma zamanı rəqib komandanın texniki heyətinin hakimin qərarlarına həddindən artıq reaksiyasını ifadə etmək üçün işlətdiyi bu ifadələri heç bir şəkildə irqçiliklə əlaqələndirmək olmaz.

Bunu irqçi ifadə kimi təqdim etməyə çalışmaq tamamilə pis niyyətli yanaşmadır.

Bununla ictimaiyyətin nəzərinə çatdırırıq ki, rəqabəti meydandan çıxarmaq, gündəmi dəyişmək və manipulyasiya etmək məqsədilə atılan bu böhtanla bağlı qanuni hüquqlarımızdan istifadə edəcəyik".