
Türkiyə Super Liqası təmsilçisi “Fənərbaxça” “Arsenal”ın hücumçusu Leandro Trossardı heyətinə qatmaq istəyir.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu “topçular”la müqaviləsi 2026-cı ilin yayında başa çatan vingerin transferi üçün hərəkətə keçib.
Belçikalı futbolçu da bu keçidə müsbət yanaşır. London təmsilçisi 30 yaşlı oyunçunu heyətinə qatmaq istəyən klublardan 20 milyon avro tələb edir.
“Sarı-lacivərdlilər”in yaxın günlərdə rəsmi təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, Leandro Trossard 2023-cü ildə “Brayton”dan “Arsenal”a 24 milyon avroya transfer olunub. Belçika millisinin üzvü başa çatan mövsümdə komandası ilə 56 oyuna çıxıb, 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.