
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Qalatasaray”ın futbolçularına “meymun kimi tullanırdılar” ifadəsinə görə cəza ala bilər.
Apasport.az xəbər verir ki, UEFA İntizam Məcəlləsinin 14-cü maddəsinə əsasən idman yarışlarında kiməsə meymun demək irqçilik sayılır.
Buna görə təcrübəli çalışdırıcı 10 matçlıq cəza ala bilər.
Həmçinin “Qalatasaray”ın baş məşqçisi Okan Burukun futbolun nüfuzuna xələl gətirən açıqlamalara görə PFDK-ya (Peşəkar Futbol İntizam Komitəsi) sövq edilib (oxu).
Bu səbəblə türkiyəli məşqçinin 1 oyundan 3 oyuna qədər soyunub-geyinmə otağına və əvəzedicilər skamyasına daxil olması qadağan edilə və ya 30 gündən 60 günə qədər diskvalifikasiya oluna bilər.
Qeyd edək ki, “Qalatasaray” Joze Mourinyonun dediklərinə görə bəyanat yayaraq prokurorluğa, UEFA və FİFA-ya şikayət ünvanlayıb.