
Transferlərə külli miqdarda pul xərcləyən klubların təcrübəsi bizə göstərir ki, əksər hallarda onlar bu investisiyalardan istədikləri effekti almırlar.
Apasport.az xəbər verir ki, Florian Virtzin “Liverpul”a qoşulması ilə tarixdə 18-ci dəfə bir futbolçunun keçidinə 100 milyon avrodan çox pul xərcləndi.
Lakin xərclənən vəsaitlərə baxsaq, bunların gözləntiləri qarşıladığına nadir hallarda şahid olmuşuq.
Ağıla isə bu sual gəlir: Virtz də digər transferlər kimi ona xərclənən pulun qarşılığını verməyəcək, yoxsa “qırmızılar”ın investisiyasının qarşılığını komandasına kuboklar qazandıraraq verəcək?
Transferi üçün 100 milyon avrodan yuxarı məbləğ xərclənən futbolçularla bağlı araşdırma apardıq.
1. Qaret Beyl – 101 milyon avro (“Tottenhem” – “Real Madrid”, 2013)
Uelsli futbolçu günümüzdə “Real Madrid” azarkeşləri tərəfindən kifayət qədər dəyər görməsə də, onun İspaniyadakı karyerası yalnız uğurdan ibarət idi. O, Madriddə keçirdiyi 8 ildə 5 Çempionlar Liqası titulu qazandı. 2018-ci il Çempionlar Liqası finalında (“Liverpul”, 3:1) vurduğu möhtəşəm qol ilə “kral klubu”na 13-cü dəfə ÇL kubokunu qazandırdı.
İspaniyada qazandığı uğurlara baxsaq o, 2014-cü ildə komandası ilə La Liqa və İspaniya kubokunu lider bitirdi. O, hətta Kopa Del Rey finalında Xose Pinto və Mark Bartranı geridə qoyaraq, baxımlı qola imza atmışdı.
Əslində, ona uğursuz oyunçu demək doğru səslənməzdi. Lakin Beylin qolf sevgisi, ispan dilini öyrənmək istəməməsi və tez-tez zədələnməsi onun “madridista”larla münasibətini korladı.
2. Pol Poqba – 105 milyon avro (“Yuventus” – “Mançester Yunayted”, 2017)
Ona “geri dönmə” deyən çox idi. Lakin nə “Mançester Yunayted” rəhbərliyi, nə də Pol Poqba bu fikirlərə məhəl qoydu. “Qırmızı şeytanlar” ilə keçirdiyi 4 illik müddətdə dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri oldu. “Old Trafford”da oynadığı zaman o qədər də mükəmməl oyun göstərməsə də, ara sıra verdiyi sehrli ötürmələri ilə komandasını həqiqətən də elit oyunçu aldığına inandırdı.
Lakin klubu ilə keçirdiyi iki mövsümdən sonra hər şey pisə doğru getməyə başladı. Cəmi 16 matçda oynamasına səbəb olan zədə, ardınca əvvəlki formunu bərpa edə bilməməsi onu əsas heyətdən uzaqlaşdırdı.
3. Neymar – 222 milyon avro (“Barselona” – PSJ, 2017)
Neymarın 2017-ci ilin yayında “Barselona”dan ayrılaraq, PSJ-yə qoşulmaq istəməsi tarixin ən qalmaqallı və danışılan transferlərindən biridir. Bəziləri düşünür ki, bu keçid həm klub, həm də oyunçu üçün uğursuz oldu. Azarkeşlər onun “Kamp Nou”da qalmalı olduğuna sübut kimi braziliyalı futbolçunun PSJ-də “Balon d’Or” və Çempionlar Liqasını qazana bilməməsini göstərirlər.
Lakin bu fikirlər 33 yaşlı futbolçunun Fransada qırdığı möhtəşəm qol rekordunu inkar edə bilməz.
Belə ki, Neymar parislilərlə çıxdığı 178 oyunda 118 qol ilə yadda qaldı.
Bununla belə, PSJ-nin onun üçün ödədiyi məbləğə layiq oyunçu olduğu fikri ilə razılaşa bilmərik. O, bir mövsümdə komandası ilə 22-dən çox matça çıxmayıb.
4. Usman Dembele – 135 milyon avro (“Borussiya Dortmund” – “Barselona”, 2017)
Neymarı əvəz edəcək oyunçu tapmağın elə də asan olmayacağı əvvəldən bilinirdi. Lakin Usman Dembeleni transfer etmək tamamilə yanlış seçim idi. Onun nə qədər istedadlı oyunçu olduğunu sorğulamağa ehtiyac olmasa belə, fransalı klubunda heç vaxt uğurlu futbolçu ola bilmədi.
Hətta bir neçə mənbə Dembelenin kluba qeyri-peşəkar yanaşdığını, pəhriz qaydasına əməl etməyərək “fast food”a üstünlük verdiyini, video oyun bağımlısı olduğunu qeyd etdi.
Meydanda göstərdiyi zəif performans kifayət deyilmiş kimi, müqavilə danışıqlarını da uzatdı. Çətin mövsümün ardından PSJ-yə yollanıb, yeni komandasında bütün potensialını göstərərək “Balon d’or” namizədi oldu.
5. Kilian Mbappe – 180 milyon avro (“Monako” – PSJ, 2018)
Onun PSJ-yə keçidi uğurlu addım idi. O, Liqa 1-də dəfələrlə bombardir adına sahib çıxdı. Komandasını Çempionlar Liqasının finalına qədər daşıdı.
Lakin nə qədər yaxşı oyunçu olsa da, Mbappenin “Real Madrid”lə uzun müddət danışıqlar aparması birmənalı qarşılanmadı. Azarkeşlər bu hərəkəti öz klublarına təhqir hesab etdilər.
Lakin klub onun eqosu qarşısında dəfələrlə əyilməli oldu. Müqaviləsini yeniləmədən azad agent kimi Madrid təmsilçisinə qoşuldu. Başa çatan mövsümdə qitənin ən nüfuzlu turnirini qazanan PSJ-nin prezidenti ona bu hərəkəti üçün “təşəkkür” etdi.
6. Filipe Koutinyo – 135 milyon avro (“Liverpul” - ”Barselona”, 2018)
Filipe Koutinyonun 2018-ci ilin yanvarında “Barselona”ya transferi onun üçün arzuladığı keçid hesab olunsa da, o, heç vaxt “Liverpul”la göstərdiyi oyunu “Kamp Nou”da sərgiləyə bilmədi.
Azarkeşlər tərəfindən oyunu bəyənilməyən futbolçu Kataloniya təmsilçisinin heyətində keçirdiyi mövsümün ardından “Bavariya”ya icarəyə verildi. Maraqlı şəkildə o, Münhen təmsilçisi ilə Çempionlar Liqasının 1/4 finalında “Barselona”ya qarşı 8:2 hesabı ilə bitən məhşur matçda 2 qol vurdu.
7. Kriştiano Ronaldo – 117 milyon avro (“Real Madrid” – “Yuventus”, 2018)
2018-ci ilin yayında “Yuventus” portuqaliyalı ulduzu Turinə gətirmək üçün 117 milyon avrosundan keçdi. Bu transferdə əsas məqsəd “qoca sinyora”nın Çempionlar Liqası həsrətinə son qoymaq idi. Bu nöqtədən baxsaq, transferi uğursuz hesab edə bilərik. Bununla belə o, bəlkə də keçirdiyi 3 ildə komandası üçün bundan artığını edə bilməzdi.
İtaliyadakı uğurlarına gəldikdə Portuqaliya millisinin kapitanı 2019/20 mövsümündə komandasına A Seriyası çempionluğu, 2020/21 sezonunda isə İtaliya kubokunu qazandırdı.
Onun transferindən sonra klubun gəlirlərinə baxsaq, bu keçidi “uğursuz” hesab edə bilmərik.
8. Eden Azar – 115 milyon avro (“Çelsi” – “Real Madrid”, 2019)
Azar “kral klubu”na 5 kilo artıq çəki ilə gəldi. Belçikalı vinger “Los Blankos” ilə müqaviləyə qol çəkdikdə hamı ondan öz klassikasını göstərməsini gözləyirdi. Lakin qısa müddətin ardından izləyicilər onun oyununun gözləntilərdən tamam uzaq olduğunu gördülər.
Azarın “Real Madrid” statistikası o qədər “qorxunc”dur ki, o, çıxdığı 76 oyunda cəmi 7 qol və 12 məhsuldar ötürməyə imza atıb.
2022/23 mövsümündə komandası ilə karyerasının son mövsümünü keçirən Eden Karlo Ançelottinin “sən hələ də öz potensialını göstərə bilərsən” fikrinə məhəl qoymayaraq, müqaviləsinə vaxtından əvvəl xitam verdi və 32 yaşında karyerasını bitirdi.
9. Antuan Qrizmann – 120 milyon avro (“Atletiko Madrid” – “Barselona”, 2019)
Fransa millisinin üzvü 2019-ci ilin yayında “Barselona”ya getməyə qərar verdi. O, “La Decision” sənədli filmini nümayiş etdirərək, Kataloniya təmsilçisinə qoşulacağını qeyd etdi.
Səs-küylü transferin ardından ondan gözləntilər yüksək idi. 2019/20 mövsümündə 48 matçda 15 qol 4 məhsuldar ötürmə ilə yadda qalan fransalı hücumçu ikinci sezonunda 20 qol 12 məhsuldar ötürməyə imza atdı. Bu statistik göstəricilərlə “Barselona”ya onun üçün ödənilən məbləğin qarşılığını verirdi. Lakin 2021-ci ilin yayında, Kataloniya təmsilçisinin maliyyə problemləri ilə üzləşdiyi dövrdə klubu tərk edən ilk adlardan biri məhz Antuan Qrizmann oldu. Maraqlıdır ki o, sabiq komandası “Atletiko Madrid”ə uzun müddətli icarəyə verildi. Daha sonra isə 22 milyon avroya satıldı. Təbii ki, “Barselona”da uğurlu 2 mövsüm keçirsə belə, bu qədər qısa müddət üçün ödənilən 120 milyon La Liqa təmsilçisinin onu uğursuz transfer hesab etməsinə haqq qazandırır.
10. Joao Feliks – 127 milyon avro (“Benfika” – “Atletiko Madrid”, 2019)
Dieqo Simeone tarixin ən yaxşı müdafiə sistemi quran baş məşqçilərindən biridir. Komandada olduğu müddətdə bir sıra nailiyyətlərə imza atıb. Lakin nə qədər uğurlu olsa belə, o, 2019-cu ildə komandasının taktiki sxeminə tamamilə uyğunsuz oyunçunu 127 milyon avro qarşılığında heyətinə qatmışdı.
Hər iki tərəf bu transferin uğursuz olduğunu anlasa da, onun komandadan getməsi bir az uzun çəkdi. Baş məşqçi ilə mübahisədən sonra 2022/23 mövsümünün qışında portuqaliyalı futbolçu sezonun axırına qədər “Çelsi”yə icarəyə verildi. Növbəti mövsümü “Barselona”da keçirən Joao nəhayət, 2024-cü ilin yayında “zadəganlar”a transfer oldu. Orda da möhkəmlənə bilməyəndən sonra qışda “Milan”a icarəyə verildi. Lakin hara gedirsə getsin, getdiyi heç yerdə öz potensialını doğruda bilmədi. Hazırda isə “Milan”da qalmayacağı dəqiq olan Portuqaliya millisinin üzvü “Çelsi”nin də gələn mövsüm üçün planlarında yer almır.
11. Romelu Lukaku – 113 milyon avro (“İnter” – “Çelsi”, 2021)
Bu transfer keçmiş kluba qayıtmağın hər zaman düzgün seçim olmadığını göstərən nümunədir.
“Mançester Yunayted” ilə keçirdiyi iki mövsümün ardından 2019-da “İnter”ə transfer olan belçikalı forvard hücumda Lautaro Martinez ilə birlikdə komandasının 2021-ci ildə İtaliya çempionu olmasında böyük pay sahibi oldu.
2021-ci ilin yayında “Çelsi”yə transfer olan Lukaku ilk 3 matçında 3 qol vuraraq mövsümə uğurlu başladı. Daha sonra axsayan performansı ilə əsas heyətdən uzaq qaldı.
“Zadəganlar” ilə yollarının ayrılmasına əsas səbəb müsahibəsində “İnter”ə qayıtmaq arzusunda olmasını bildirməyi və baş məşqçi Tomas Tuxeli tənqid etməsi idi.
2022-ci ildə yenidən icarə əsasında “İnter”ə qayıdan Belçika millisinin üzvü növbəti mövsümü “Roma”da keçirdi və 2024-ün yayında “Çelsi”dən “Napoli”yə transfer oldu.
12. Cek Qriliş – 117,5 milyon avro (“Aston Villa” – “Mançester Siti”, 2021)
Bu keçid ilə 2021-ci ildə Britaniyanın transfer rekordu qırıldı. İlk mövsümündə cəmi 3 qol və 3 məhsuldar ötürməyə imza atan ingilis futbolçu bu göstəricilər ilə azarkeşlərdə keçidin uğursuz olması ilə bağlı şübhələr yaratdı. 2022/23 mövsümündə “şəhərlilər”in trebl qazanmasında pay sahibi olsa belə, onun Pep Qvardiolanın sisteminə uyğun olmadığını sezmək olurdu.
Son iki mövsümdə onun göstərdiyi oyun heç qənaətbəxş deyildi. Daha sonra heyətdəki yerini Ceremi Doku və Savinyoya təhvil verən 29 yaşlı futbolçu Qvardiola tərəfindən Klublararası Dünya Çempionatının heyətinə daxil edilmədi. Bu yay onun komandadan ayrılması gözlənilir.
13. Enzo Fernandez – 125 milyon avro (“Benfika” – “Çelsi”, 2023)
Son dövrlərdəki transferlər ilə “Benfika”nın oyunçu satmağı yaxşı bacardığının şahidi olmuşuq. 2023-cü ilin yayında komandanı yenidən quran “Çelsi” yarımmüdafiəni Enzo Fernandez ilə gücləndirdi.
Hazırda argentinalı futbolçunun “zadəganlar”da uğurlu olub-olmamasını demək çətindir. Çünki London təmsilçisində keçirdiyi ilk 18 ayın ardından Premyer Liqada uğur qazanmaq üçün yetərli fiziki standartlara uyğun olmadığı görünürdü.
Enzo Mareşkanın baş məşqçi postuna gəlişi ilə 2024/25 mövsümünün ilk yarısında heyətdəki yerini itirən dünya çempionu, sonradan öz mövqeyini bərpa edərək mövsümün ikinci yarısında komandanın ən yaxşı oyunçularından birinə çevrildi.
14. Cud Bellingem – 103 milyon avro (“Borussiya Dortmund” – “Real Madrid”, 2023)
“Borussiya Dortmund”un heyətində 2022/23 mövsümünün ən elit yarımmüdafiəçilərindən olan gənc ulduz yayda “Real Madrid”ə transfer olundu.
Madrid təmsilçisi ilə ilk mövsümündə Vinisius və Rodriqo ilə birlikdə möhtəşəm hücum üçlüsü quran ingilis futbolçu 40 matçda 23 dəfə fərqlənərək komandasının La Liqa və Çempionlar Liqasını qazanmasında böyük pay sahibi oldu.
İkinci mövsümündə Mbappenin gəlişi ilə mövqeyi dəyişən Cud komandası ilə heç bir kubok qazana bilmədi.
Yaşının gənc olması və hələ komandada 2 ildir oynadığı üçün bu transferin uğursuz olduğunu demək doğru olmazdı.
15. Deklan Rays – 123 milyon avro (“Vest Hem” – “Arsenal”, 2023)
İki il əvvəl “Arsenal”a qoşulan Raysın ilk açıqlaması belə idi: “Mikel Arteta mənim bura gəlməyimdə çox böyük rol oynadı. Onun məndən ən yaxşı nəticəni alacağından əminəm”.
Onun bu proqnozu özünü doğrultdu. Topa sahib olması və qurduğu oyun ilə həm müdafiəyə, həm də hücuma öz töhfəsini verdi. Lakin Raysın özünü təkmilləşdirməsi və ümidləri doğrultması hələ də “Arsenal”a heç bir mükafat qazandırmayıb.
26 yaşlı futbolçunun başa çatan mövsümdə Çempionlar Liqasının 1/4 finalında “Real Madrid”ə vurduğu 2 möhtəşəm cərimə zərbəsi qolu onu azarkeşlərin gözündə qəhrəman statusuna gətirib çıxartdı.
16. Harri Keyn – 100 milyon avro (“Tottenhem” – “Bavariya”, 2023)
Premyer Liqada keçirdiyi 9 mövsümün ardından liqa tarixinin bombardirlər siyahısında ilk 3-lükdə yer alan Harri Keyn 2023-cü ilin yayında “Bavariya”ya transfer olundu.
Onun qarşısında kubok qazanmaq və uşaqlıq klubuna sadiq qalmaq kimi ağır seçim var idi. O isə kuboklar əldə etməyi seçdi. Lakin bu kubok gözlənildiyi qədər tez gəlmədi. 12 ildən sonra ilk dəfə Münhen təmsilçisi mövsümü titulsuz başa vurdu. Bundesliqada çempionluq mübarizəsini “Bayer Leverkuzen”ə uduzdular. Bir çox azarkeş üçün bu məğlubiyyət Keynin sonu olmayan “lənət”i idi. Bununla belə, ilk mövsümündə 44 qol vuran İngiltərə millisinin kapitanı nəhayət, ikinci mövsümündə komandası ilə çempionluq sevincini yaşaya bildi.
17. Moyzes Kaysedo – 135 milyon avro (“Brayton” – “Çelsi”, 2023)
2023-cü ilin avqustunda 135 milyon avro qarşılığında “zadəganlar”a qoşulanda ekvadorlu oyunçunun sadəcə 21 yaşı var idi. Gənc yaşda komandaya böyük ümidlərlə transfer olunan futbolçu ilk mövsümündə özünü yaxşı cəhətdən göstərə bilməsə də, ikinci mövsümündə komandanın ən yaxşı oyunçularından biri oldu.
“Çelsi”lilər onu Nqolo Kantenin varisi hesab edirlər. Ekvador millisinin üzvü başa çatan mövsüm komandasında ilin futbolçusu seçildi, komandasının Çempionlar Liqasına çıxmasında böyük pay sahibi oldu. Həmçinin o, Premyer Liqanın 2024/25 mövsümü üçün rəmzi heyətinə daxil edildi. Moyzes ötən sezon İngiltərədə topla ən çox oynayan futbolçu adına da yiyələndi.
Bu oyunçunun ona ödənilən məbləğə layiq olduğuna heç bir şübhə olmamalıdır.
Mikayıl Hacıyev