Faiq Qarayev: “Heç kim Azərbaycan voleybolunun gələcəyinin təhlükədə olduğunu düşünməsin”
01.04.2008 - 11:25
Faiq Qarayev: “Heç kim Azərbaycan voleybolunun gələcəyinin təhlükədə olduğunu düşünməsin”
- Milli komanda mayın 30-da Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq. Voleybolçuların bu vacib yarışa hazırlığı necə gedir?
- Nəzərdə tutduğumuz plan üzrə hazırlaşırıq. Ötən ay Quba Olimpiya Kompleksində təlim-məşq toplanışı keçdik. Yaxın günlərdə isə İsrail milli komandası dəvətimizə əsasən Bakıya gələcək. Onlarla da Qubada təxminən 10 günlük hazırlıq keçəcəyik. İsraillilər heyətini beş rusiyalı voleybolçu ilə gücləndirib. Fikrimcə, onlarla keçirəcəyimiz oyunlar faydalı olacaq.
- Komandanın ölkə xaricinə yollanması nəzərdə tutulmayıb?
- İsraillə oyunlardan sonra İstanbula yollanacağıq. İki voleybolçumuzun çıxış etdiyi “Fənərbaxça Acibadem” klubu bizim üçün lazımi şərait yaradacaq. Hazırlıq çərçivəsində yerli komandalarla bir neçə yoxlama görüşü keçirməyi düşünürük. Mayda isə Dubaya səfər edəcəyik. Burada mükafat fondu 1 milyon dollar olan beynəlxalq turnir təşkil ediləcək. Artıq yarışda Rusiya, İtaliya, Çin və Hollandiya kimi güclü komandalar iştirakını təsdiqləyib. Avropa çempionatının seçmə mərhələsi ərəfəsində keçiriləcək bu yarışda tam heyətlə mübarizə aparacağıq.
- Avropa çempionatının qrup mərhələsinin oyunları İspaniya və Rumıniyada keçiriləcək. Bir mərhələni Bakıda təşkil etmək mümkün deyildi?
- Bizim belə istəyimiz var idi. Hətta Avropa Voleybol Konfederasiyasına müraciət etmişdik. Amma təşkilatçılıq hüququnu İspaniya və Rumıniyaya verdilər.
- Bu məsələ komandamızın Avropa çempionatının final mərhələsinə yüksəlmək planlarına mənfi təsir göstərə bilərmi?
- Belə olacağını düşünmürəm. Fikrimcə, qitə çempionatının final mərhələsinə qrup birincisi qismində vəsiqə qazanacağıq. Təşkilatçı ölkələr əsas rəqibimiz olsa da, onları məğlub edəcəyimizə inanıram. Milli komandamız bunu bacaracaq gücdədir. Ən pis halda, istəyimizi digər qrupda ikinci olan komandanı məğlub etməklə reallaşdıracağıq. Ümumiyyətlə, 2009-cu ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksələcəyimizdə problem görmürəm.
- Hazırda bir neçə voleybolçumuz xarici klubların şərəfini qoruyur. Onların çıxışlarını izləyirsiniz?
- Əlbəttə. Televiziya kanalları vasitəsi ilə izləyirəm. Valeriya Korotenko “Fənərbaxça Acibadem” klubunun əsas oyunçusuna çevrilib. Oyun qurucusu Oksana Quliyeva da zədədən sonra istanbulluların əsas heyətində çıxış etməyə başlayıb. Natalya Məmmədova da İsveçrənin “Volero” klubunda liderlərdən biridir. Onların lazımi oyun təcrübəsi qazanması milli komandanın mənafeyinə uyğundur.
- Natalya Məmmədovanın bir neçə gün əvvəl İspaniyanın “İkaro Palma” klubuna icarəyə verilməsi sizin üçün gözlənilməz olmadı?
- Məmmədova müqavilə ilə “Volero”ya məxsusdur. Bu səbəbdən onun harada çıxış etməsi isveçrəlilərin daxili işidir. “Volero” çempionluğu demək olar təmin edib. Ona görə də Natalyanı icarəyə veriblər. O, bir sıra “ulduz” voleybolçuların çıxış etdiyi İspaniya çempionatının pley-off mərhələsində oynayacaq. Mayda isə milli komandanın düşərgəsinə qatılacaq.
- Qeyd etdiyiniz aparıcı voleybolçuların komandada olmamaları hazırlığa mənfi təsir göstərmir ki?
- Əsas xaricdə çıxış edən legionerlərimizin milli komandaya hazır vəziyyətdə gəlmələridir. Biz isə bu müddətdə gənc voleybolçularla hazırlıq keçirik. Ötən illə müqayisədə onlar xeyli artırıblar. Xüsusilə də Polina Rəhimova. O, bir-iki ildən sonra dünya səviyyəli voleybolçu olacaq. Buna heç kim şübhə etməsin.
- Məlum səbəblərdən məşqlərə qatılmayan voleybolçuların durumu nə yerdədir?
- Oksana Məmmədyarova ilə Kseniya Kavalenka tam güclə hazırlıq keçirlər. Yelena Parxomenko və Lidiya Maksimenko isə fərdi qaydada məşqləri davam etdirirlər. Onlar da Avropa çempionatının seçmə mərhələ oyunlarına kimi heyətə dönəcəklər.
- Türkiyə Superliqasının lideri “Əczaçıbaşı Zentiva” klubunda daim əsas heyətdə çıxış edən İnessa Qorxmazı yenidən milli komandaya qaytarmaq istəmirsiniz?
- Buna ehtiyac görmürəm. İnessa yüksək səviyyədə oynasa da, yaşı ötüb. Onun mövqeyində gənclərə şans vermək perspektiv baxımından daha faydalıdır.
- Perspektiv demişkən, 16 yaşlılardan ibarət milli komandanın Belçikada keçirilən beynəlxalq turnirdə birinci yeri tutmasına münasibətiniz necədir?
- Burada qeyri-adi heç nə yoxdur. Çünki həmin heyətdə yer alan beş voleybolçu əsas komandada rəhbərliyim altında hazırlıq keçib. Yeniyetmələrimiz voleybolu yüksək səviyyədə olan Polşa, həmçinin Belçika və Slovakiya komandalarına qalib gəliblər. Fikrimcə, bu uğur voleybolumuzun gələcəyinin olmasına dair növbəti nümunədir. Bizim əsas xəttimiz öz gənclərimizi hazırlamaqdır. Heç kim voleybolumuzun gələcəyinin təhlükədə olmasını düşünməsin. Komandalarımızın həmişə yüksək səviyyədə oynayacağına şübhə etmirəm.
0