Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə Pekin olimpiadasına 1 lisenziya və 3 bürünc medal qazanıblar - YENİLƏNİB FOTO
01.04.2008 - 18:00
Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə Pekin olimpiadasına 1 lisenziya və 3 bürünc medal qazanıblar - YENİLƏNİB FOTO
55 kq çəkidə Azərbaycan idmançısı Abil İbrahimov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. İlk görüşündə Argisti Kostanyana (Slovakiya) qalib gələn həmyerlimiz növbəti mərhələdə Gennadi Tulbaya (Moldova) uduzub. Moldovalı güləşçi 1/4 finalda Tim Şleyxerə (Almaniya) məğlub olduğundan həmyerlimiz təsəlliverici görüşlərə qatılmaq və mükafat qazanmaq şansını itirib.

66 kq-da Emin Əzizov ilk qarşılaşmada Şandor Tözseri (Macarıstan) məğlub edib – 3:0. Onun 1/8 finaldakı rəqibi moldovalı Dmitri Sirbu olub. Həmyerlimiz bu görüşdə də qələbə qazanaraq (4:0, 3:1) 1/4 finala yüksəlib. O, növbəti cəhddə polşalı Adam Sobirayı məğlub edərək yarımfinala çıxıb. Bu mərhələdə həmvətənimiz Koba Kakaladzeyə (Gürcüstan) məğlub olub.Təsəlliverici görüşlərə qatılan E.Əzizov bürünc medal uğrunda ermənistanlı Zikayr Hovnannisyanla qarşılıb. Bu görüşü də qələbə ilə başa vuran həmyerlimiz çempionatın bürünc medalını və Pekin olimpiadasına vəsiqə qazanıb.



84 kq çəki dərəcəsində millimizin legioneri Novruz Temrezov ilk cəhddə Armand Zvirbulislə (Latviya) qarşılaşıb. Güləşçimiz ilk hissədə 3:0, növbəti görüşdə isə 6:0 hesablı qələbə qazanaraq, ¼ finala yüksəlib. Növbəti cəhddə Sərhat Balçını (Türkiyə) da məğlub edən güləşçimiz yarımfinala vəsiqə qazanıb. Finala vəsiqə uğrunda N.Temrezov rusiyalı dünya çempionu Georgi Ketoevlə üz-üzə gəlib. Amma güləşçimiz rəqibinə uduzaraq, həlledici mərhələyə çıxmaq şansını itirib. Təsəlliverci görüşlərə qatılan N.Temrezovun bürünc medal uğrunda rəqibi də ermənistanlı Vadim Laliyev olub. Bu qarşılaşmada qalib gələn Azərbaycan yığmasının milliləşən legioneri bürünc medala sahib çıxıb.



120 kq çəkidəki təmsilçimiz Əli İsayev 1/8 finalda Sergey Dyomini (Latviya) məğlubiyyətə uğradıb. O, növbəti görüşünü belaruslu Aleksey Matsiapanauya qarşı keçirib. Bu mərhələdə də qələbə qazanan idmançımız yarımfinalda mübarizə aparmaq hüququ qazanıb. Onun rəqibi David Modzmanaşvili (Gürcüstan) olub. Ə.İsayev də rəqibinə uduzaraq, finala vəsiqə qazana bilməyib. Təsəlliverici mərhələdə isə güləşçimiz rumıniyalı Peres Kintoanı məğlub etməklə, bürünclə kifayətlənib.



Beləliklə, Avropa çempionatının ilk günündə döşək üzərinə çıxan Azərbaycanın dörd güləşçisindən üçü bürünc mükafata layiq görülüb. Üstəlik, E.Əzizov Pekin olimpiadasına lisenziya qazanan ikinci sərbəst güləşçimiz olub.








0
DİGƏR XƏBƏRLƏR
Loading...