Uğurlu start - YENİLƏNİB
01.12.2011 - 18:15
Uğurlu start - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin ilk turunun son görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, axırıncı oyun günündə Bakının “Rabitə” klubu Fransanın “Myulhaus” komandasını qəbul edib.

ÇL-in son finalçısı 2011/2012 mövsümünə qələbə ilə start verib. Bu il qarşısına Avropanın ən möhtəşəm turnirinin qalibi olmaq hədəfi qoyan Zoran Qayiçin yetirmələri “Sərhədçi” Olimpiya Mərkəzində baş tutan oyunda qızıl medallara doğru ilk addımlarını atıblar.

Birinci setdə 25:15 hesabı ilə qələbə qazanan dünya çempionlarımız növbəti hissədə daha baxımlı oyun nümayiş etdirib və rəqibin cəmi 13 xal qazanmasına imkan verib.

Üçüncü set isə əvvəlkilərdən fərqlənib. Məğlubiyyətlə barışmaq istəməyən “Myulhaus” “Rabitə”yə qarşı ciddi müqavimət göstərib. Lakin ilk və ikinci texniki fasiləyə (6:8, 13:16) geridə yollanan voleybolçularımız hissənin sonlarında Qayiçin məsləhətlərindən nəticə çıxarıblar. Onlar ardıcıl olaraq 6 xal qazanmaqla, görüşün taleyini həll ediblər. Bundan sonra üstünlüyü əldən verməyən “Rabitə” matçın yekun nəticəsini müəyyənləşdirib – 3:0.

B qrupu


“Rabitə” (Azərbaycan) – “Myulhaus” (Fransa) - 3:0 (25:15, 25:13, 25:21)
Hakimlər: Tomas Murolo (Estoniya), Dusan Hudona (Slovakiya)
“Sərhədçi” Olimpiya Mərkəzi

Qeyd edək ki, komandamız növbəti matçını dekabrın 7-də səfərdə Almaniyanın “Drezdner” klubuna qarşı keçirəcək.
0