CEV “Xarı bülbül”dən yazdı: Məqsəd Şuşanı dünyaya tanıtdırmaqdır
01.12.2022 - 11:24
CEV “Xarı bülbül”dən yazdı: Məqsəd Şuşanı dünyaya tanıtdırmaqdır

Avropa Voleybol Konfederasiyası (CEV) yeni mövsümdə Azərbaycan çempionatında debüt edəcək “Xarı bülbül” klubu barədə yazı dərc edib. 

Apasport.az saytının məlumatına görə, CEV mədəniyyət paytaxtımız Şuşanı təmsil edən kişi voleybolçulardan ibarət klubla yanaşı, ölkəmizdə voleybolun tarixinə də toxunub. 

Məqalədə “Odlar yurdu”nun bu idman növündə yüksək nailiyyətlərindən, vaxtilə “Rabitə” və “Azərreyl”nin qitə turnirlərində qazandığı fəxri mükafatlarından, eləcə də milli komandalarımızın Bakı-2015 I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışlarından söhbət açılır. 

Bildirilib ki, “Xarı bülbül”ün yaradılmasında əsas məqsəd Azərbaycanda voleybolun inkişafına töhfə verməklə yanaşı, tarixi torpağımız olan Şuşanı dünyaya tanıtdırmaq, bu adın beynəlxalq arenada daha geniş yayılmasına nail olmaqdır. Klubun hədəflərindən söz açılan məqalədə debütantın beynəlxalq səviyyəli klub olması istiqamətində işlərin görüldüyü qeyd olunub. 

Yazıda klubun təsisçisi, beynəlxalq idman agenti, “IL'AZERO”nun sahibi İlqar İmamquliyevə istinadən bildirilir ki, komandanın ev oyunlarının Şuşada keçirilməsi ən böyük hədəflərdəndir. Məqalədə Azərbaycanda ilk qadın klub prezidenti olan Fatimə Hacıyevanın ixtisasca həkim olduğu qeyd olunub. Sağlamlıq və idmanın vəhdət təşkil edildiyini deyən tibb üzrə fəlsəfə doktoru Azərbaycanda idmana, o cümlədən voleybola böyük maraq olduğunu bildirib.

0