Andrey Rubin: Özümə yeni klub tapmaqda problemim olmayacaq - MÜSAHİBƏ
31.03.2009 - 23:03
Andrey Rubin: Özümə yeni klub tapmaqda problemim olmayacaq - MÜSAHİBƏ
Bakının “İnter” klubunun latviyalı futbolçusu Andrey Rubinin müsahibəsi

- Lüksemburqla Riqada keçiriləcək oyun Latviya milli komandasında 100-cü matçınız olacaq. Sizin üçün 100-ə çatmaq nə deməkdir?
- Bu haqda düşünmürəm. Nə olsun ki, 100-cü oyundur. Əsas qələbədir. Qalib gəlsək, yubiley haqda təəssüratım qalar. Əgər 100-cü qol olsaydı, bu daha yaxşı olardı.

- Yığmadakı ilk oyunu xatırlayırsınız?
- Bu, Tunislə matçda baş verdi. Ümumiyyətlə, vaxt elə tez keçir ki... Elə bil o günlərdə 50-ci oyunumu keçirmişdim.

- Latviya yığmasının hansı dövrünü ən yaxşı sayırsınız?
- 2004-cü ildə Türkiyəni məğlub edib Avropa çempionatına çıxan heyətimiz daha güclü idi. Həmin mərhələnin hər oyununu yaxşı keçirdik. Sevinirəm ki, mən də o vaxt əla oynadım. San Marinoya son dəqiqədə vurduğum qol bizim üçün həlledici oldu.

- Beş ildə nə dəyişdi ki?
- Biz böyümüşük. İndi yerli klublar avrokuboklarda əvvəlki kimi çıxış edə bilmir. Legionerlərimizin də sayı artıb.

- Niyə latviyalı futbolçular ölkə xaricinə can atırlar?
- Latviyada futbolçulara böyük pullar verilmir. Yaxşı qazanmaq üçün ölkəni tərk edib legioner həyatı yaşamalı olursan. Əslində, bu perspektiv baxımından da yaxşıdır. Güclü çempionatlarda artırmaq da olur.

- Latviya yığması seçmə mərhələdə qrup qalibi ola bilər?
- Lüksemburqu ikinci matçda da məğlub etsək, müəyyən perspektivlər olacaq. Rəqiblərimiz də o qədər güclü deyil. İsveçrə ilə görüşdən sonra fikirləşirdim ki, qarşımızda kimsə var idi, ya yox. Yunanıstanın isə nəyinə görə yaxşı komanda sayıldığını dərk edə bilmədim. Amma heç nədən xallar itirdik. Elə bil ki, rəqibdən çəkinirdik.

- Demək problem psixologiyadadır?
- Bəlkə də belədir. Əvvəllər mənə elə gəlirdi ki, istənilən rəqiblə onlar kimi oynaya bilərik. İndi ətrafımızda gənclər var. Amma belə hisslər yoxdur.

- Bir neçə həftə əvvəl zədənizi sağaltdınız. İndi problemi arxada qoya bilmisiniz?
- Sevinirəm ki, zədəm haqda danışanda keçmiş zamanda danışa bilirəm. “İnter”in vacib qarşılaşmaları olduğundan vaxtında zədəmin müalicəsi ilə məşğul ola bilmədim. Artıq ağrılar özünü göstərməyə başlayanda, həkimlərimiz bunu müalicə edə bildi. İndi zədəni düşünmədən məşq edə bilirəm.

- Ötən ilin yayından Azərbaycanda çıxış edirsiniz. Bu ölkənin futbolunun səviyyəsi haqda hansı fikirdəsiniz?
- Ən şox sevdiyim odur ki, məşqçi mənə inansın. Bakıda da məşqçimiz mənə deyir ki, çıx öz oyununu oyna. Ümumilikdə isə Latviya ilə müqayisədə əsas fərq futbola olan maraqdır. Məsələn son oyunumuzda stadion ağzınadək dolmuşdu – 7000 azarkeş gəlmişdi. Düzdür, bölgələrdən fərqli, Bakıda bu qədər azarkeş olmur.

- Hansısa mənfi hallarla rastlaşmısınız?
- Hə. Bir saatlıq yolu bəzən üç saata gedirsən. Bu məntiqlə bir günlük yolu üçü günə gedib çıxarsan. Amma azərbaycanlılar buna öyrəşib və normal hal sayırlar.

- “Bakı” liderliyi əlinizdən ala bilib...
- Mübarizə hələ qabaqdadır. Bizim hələ 4 ev oyunumuz var. Ümid edirəm ki, hər şey dəyişəcək.

- Azərbaycanda sizi Latviyanın nümayəndəsi kimi qəbul edirlər?
- Hə. Məni tanıyırlar, görüşürlər. Avropa çempionatının final mərhələsi ərəfəsində Azərbaycan yığması ilə oynamağımızı da xatırlayırlar. Həmin heyətdən iki nəfər indi eyni klubda oynayırıq.

- Yeri gəlmişkən, digər latviyalımız Vladimir Kolesniçenkonun “İnter”dəki işləri necə gedir?
- Bizim məşqçimiz yeni oyunçunu birdən komandaya buraxmır. Oyun-oyun, əvvəl 10, sonra 15, 20 dəqiqə şans verməklə, yeni futbolçunun komandamıza uyğunlaşmasına imkan verir. Təbii ki, sonra bu rəqəm 90-a qədər artır. Kolesniçenkonun göstərdiyi oyundan burada hamı razıdır.

- Azərbaycanda yaşamaq üçün şərait necədir?
- Hər şey yaxşıdır. Yerli insanlar o dərəcədə sakitdirlər ki, bu məndə təhlükə hissi oyadır (gülür).

- Mövsüm bitdikdən sonra Bakıda qalmaq istəyirsiniz?
- Bu, klub rəhbərliyinin verəcəyi qərardan asılıdır. Hələ ki, bu haqda mənə heç nə deyilməyib. Mənim müqaviləm yayda bitir. Bundan sonra da klub tapmaq problemi ilə üzləşməyəcəyəm. Bu maliyyə böhranı hər yerdə özünü göstərir. Burada isə oyunçuların çətinlik çəkməməsi üçün əllərindən gələni edirlər. Əmək haqqımız da olduğu kimi qalır.

Mənbə: www.esports.lv