Vaqif Sadıqov: Görün, Allah məni necə çox istəyir ki... - MÜSAHİBƏ
01.04.2009 - 13:34
Vaqif Sadıqov: Görün, Allah məni necə çox istəyir ki... - MÜSAHİBƏ
Bu gün 50 yaşını qeyd edən Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- Öncə yubiley münasibətilə sizi təbrik etmək istərdik...
- Çox sağ olun.

- Əvvəlki ad günləri ilə indikinin fərqi var?
- Ümumiyyətlə, ad günlərimi təmtəraqla keçirməyi xoşlamıram. Ancaq 50 illiyinin xüsusi yeri var. Bu, elə yaşdır ki, onu gərək bütün il boyu qeyd edəsən. Elə buna görə də 50 illik yubileyimi təmtəraqla qeyd etməyi qərara aldım. “Monte Karlo” restoranında qohum-əqrəbam, dost-tanışlar, futbol adamları, AFFA rəhbərliyi, həmkarlarım, futbolçuları əhatəmdə olacaq. Yetişdirdiyim müxtəlif futbolçu nəsilləri bir araya gətirəcəyəm.

- Əsri yarılamaq nə deməkdir?
- Düzünü desəm ki, bu, mənim üçün çətin sualdır. Belə deyərdim ki, indiyə kimi bir çox işlər arxada qalıb. Ancaq hələ görüləsi çox işlər var. Açığı, qocalmaqdan qorxuram və futbolumuzun inkişafı ilə bağlı işləri sona kimi görmək istərdim. Hər halda, Azərbaycan futbolu üçün bir iz, damğa qoymuşam.

- 50 yaşınız olsa da, çox cavan qalmısınız, gümrah görünürsünüz. Yeri gəlsə, sizə bu yaşı vermək olmaz. Cavan qalmağınızın sirri nədir? Bunun bir resepti varmı?
- Heç bir resepti yoxdur. Sadəcə, iş məni belə cavan saxlayır. İşgüzarlığı çox xoşlayıram.

- Xarici görünüşünüzə görə, yaraşıqlı olmağınız həyatda başınıza bəla olmayıb?
- Siz məni lap utandırdınız. Onu deyə bilərəm ki, xarici görünüşüm mənə heç bir problem yaratmayıb. Həyatda yaxşı əməllər etmək lazımdır və mən də həmişə buna çalışmışam.

- Yəqin ki, işinizlə bağlı indiyədək ad günlərinizi ölkədən kənarda keçirdiyiniz vaxtlar da olub. Doğum günləri arasında ən yaddaqalanı hansıdır?
- Hər bir ad gününün öz yeri olsa da, 50 yaş xüsusilə əlamətdardır. Görün, Allah məni necə çox istəyir ki, ad günümlə bağlı tədbirə istədiyim adamlara çağırmağa imkan yaradıb. Yəni, bu gün yığmaların oyunu olsa da, milli komandamız matç keçirmir. Bu gün daxili yarışlarımızda da oyun yoxdur və klub funksionerləri, məşqçilər, futbolçuları ad günümə gəlməsinə imkanı olacaq. İndiyə kimi elə olub ki, ad günümü evdə yox, iş başında keçirmişəm.

- Yeri gəlmişkən, 1997-ci ilin aprelin 2-də rəhbərlik etdiyiniz milli komanda Bakıda Finlandiya yığmasına 1:2 hesabı ilə uduzub...
- Hə, bu oyun yadımdadır.

- Ad gününüzü vaxtı məğlub olmaq sizə nə dərəcədə təsir etdi?
- Neyləmək olar, futbolda belə şeylər olur.

- Ad gününüz beynəlxalq gülüş gününə təsadüf edir. Aprelin 1-də hamı bir-biri ilə zarafat edir. Belə olan halda, yubileyinizə adam dəvət etmək sizə çətin olmadı?
- Bu günün özəlliyini hamıya yaxşı məlumdur. Elə mən də üz tutduğum adamların hamısına dedim ki, dəvətimi ciddi qəbul edin. Yəni, bu, heç də zarafat deyil və 1 apreli mənə həsr edin. Bu gün təkcə Vaqif Sadıqovun yox, hamının xoş günü olsun. Dəvət göndərdiyim adamlara deyirəm ki, bu gün Azərbaycan futbolunun birliyinin günü olacaq.

- Yəqin ki, sizə zəng edib, təbrik edənlər çoxdur. Bunlar arasında personası daha çox maraqlı olan kimi qeyd edə bilərsiniz?
- İlk növbədə ada görə qiymət verməyi düzgün saymazdım. Əsas məsələ sənə olan diqqətdir. İlk məşqçim olan, hazırda Moskvada yaşayan Vitali Xlusti mənə zəng edib, təbrik edib. Bundan əlavə, çalışdığım, oynadığım ölkələrdən İran, Moldovadan zənglər olmuşdu. Təbii ki, özümüzünkülər arasında da təbrik edənlər çoxdur. Bütün bunlara görə çox xoşbəxtəm.

- Hər halda, ad günü hədiyyəsiz olmur...
- Buna elə də fikir vermirəm. Hədiyyə əsas məsələ deyil.

- Amma belə əlamətdar gündə işsizsiniz. Bu, sizə necə təsir edir?
- Belə bir gündə bədbin notlara toxunmaq istəməzdim. Hər halda, işsiz olmaq istər-istəməz pis edir. Etiraf edim ki, yenidən məşqçi işləmək üçün çox darıxmışam.

- Bundan sonra ən böyük arzunuz nədir?
- Daxilən gümrah olmağım işimə yarayır. Azərbaycan futboluna sadiq olan insanam. Futbolumuzun inkişafı üçün əlimdən gələni etmişəm və bundan sonra etməyə hazıram. Ən böyük arzum futbolumuzun zirvəyə qalxması ilə bağlıdır.
0