Subaşiçin komandası neçənci yerdədir?
01.04.2009 - 14:48
Subaşiçin komandası neçənci yerdədir?
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın 350 ən güclü klubunun siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, son bir ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə ilk pilləni İngiltərənin “Mançester Yunayted” klubu tutur. İkinci yerdə qərarlaşan “Barselona” (İspaniya) 298 xala malik liderdən 21 xal geri qalır. Üçüncü olan “Liverpul”un (İngiltərə) isə 259 xalı var.

Azərbaycan klublarının yer almadığı “350-lik”də yığmamızın hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Çanqçun Yatay” geriləyib. Ötən ayla müqayisədə mövqeyini 81 pillə pisləşdirən Çin təmsilçisi hazırda 338-ci yerdədir.

Türkiyə klublarının mövqeyində isə ciddi dəyişikliklər baş verib. Neçə vaxtdır siyahıda ölkəsinin ən yaxşısı olan “Fənərbaxça” mövqeyini əldən verib. Hazırda 50-ci olan istanbullular 41-ci sırayadək irəliləyən həmşəhərlilərindən - “Qalatasaray”dan geri düşüb. İFFHS-in siyahısında ilk “yüzlük”də qərarlaşan “Beşiktaş” 88-ci yerdədirsə, “Sivasspor” 200-cü, “Ankaraspor” 274-cü, “Kayserispor və “Trabzonspor” isə 334-cü yerə şərikdirlər.
0