Yunis Hüseynov: Televizordan eşitdim ki, avtomobil qəzasına düşmüşəm - MÜSAHİBƏ
01.04.2009 - 15:30
Yunis Hüseynov: Televizordan eşitdim ki, avtomobil qəzasına düşmüşəm  - MÜSAHİBƏ
Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

- Rəhbərlik etdiyiniz komanda ikinci dövrədə qələbə üzünə həsrət qalıb. Premyer Liqada yaranan fasilədə uğursuz çıxışı təhlil edib, hansı nəticəyə gəlmisiniz?
- Komandanı düşdüyü uğursuzluq zolağından çıxartmağa çalışırıq. Rəhbərliyin iştirakı ilə klubdaxili iclas keçirdik. Futbolçularla fərdi söhbətlərim olub. Psixoloji hazırlığa xüsusi diqqət yetiririk. Martın 28-dən hazırlığımızı Yevlaxda davam etdiririk. Hazırda komandada ab-hava yaxşıdır. Növbəti tur çərçivəsində aprelin 4-də “Simurq”u qəbul edəcəyik. Uğursuzluğumuza məhz bu oyunda son qoymağa köklənmişik. İnşallah, “Simurq”la görüşdə ilk dövrədəki qələbələrimizin davamı gələcək.

- Futbolçularınız ikinci dövrədə qol vurmaqda da problemlə üzləşib. Beş oyunda cəmi bir qol vurmusunuz, onu da “Bakılı”ya.
- “Simurq”a qol vuracağıq.

- Buna söz verirsiniz?
- Söz verirəm. “Simurq”u udmaq lazımdır. Düzdür, ciddi rəqibdir və qələbə qazanmaq heç də asan olmayacaq. Hər halda, futbolçuların oyuna necə hazırlaşması xoşuma gəlir. Onlar yaranmış vəziyyətə görə məsuliyyəti dərk edirlər.

- Belə demək olar ki, 5 yaşı olan “Karvan” tarixində ən pis dövrünü keçirir?
- Bu müddətin dörd il yarımında komandanı çalışdırmışam. “Karvan” ötən mövsümdə də müəyyən müddət uğursuzluq zolağına düşmüşdü, daha çox məğlub olurdu. Həmin vaxt komandaya yeni qayıtmışdım. Razıyam ki, uğursuzluq zolağına düşüb və bundan çıxa bilmir. Ancaq vəziyyəti faciə həddinə çatdırmağı da düzgün saymıram. Biz sadəcə, son dörd oyunda uduzmuşuq. Komanda turnir cədvəlində sonlarında deyil, Premyer Liqada qalmaq təhlükəsi ilə üzləşməyib ki, deyim faciəvi vəziyyətdəyik. İkinci dövrəyə yaxşı başladıq, səfərdə “Xəzər-Lənkəran”la qolsuz heç-heçə etdik. Ancaq bundan sonra məğlub oluruq. Bu haqda çox fikirləşirik. Qara zolaqdan çıxmağın yollarını axtarırıq. Üzləşdiyimiz çətinliyi birlikdə arxada qoyacağıq.

- Adətən komanda uğursuz çıxış edəndə, baş məşqçinin istefası məsələsi gündəmə gəlir...
- Bizdə bu, olmayıb, olmayacaq da. Rəhbərlik mənə inanır, mən də futbolçularıma.

- Ancaq “Karvan”ın əbədi baş məşqçisi ola bilməzsiniz...
- Təbii ki. Rəhbərlik mənə güvənir ki, bu da məsuliyyətimi daha artırır. Onların mənə göstərilən inamını doğrultmalıyam.

- Komanda ölkə kubokunda mübarizəni dayandırıb, çempionatda da mükafatçılar sırasına düşmək şansını demək olar itirib. Belə vəziyyətdə qalan 6 turda meydana hansı motivasiya ilə çıxacaqsınız?
- Biz hər bir matça qələbə qazanmaq üçün çıxacağıq. Futbolun da gözəlliyi ondadır ki, hər oyunda qələbə qazanmaq arzusu ilə alışıb-yanasan.

- Onda mövsümün qalan hissəsində qarşınızda hansı vəzifə duracaq?
- Hazırda turnir cədvəlində 8-ci yerdəyik. Qalan 6 oyunun 5-də qələbə qazanmaq, hətta 5-ci pilləyə yüksələ bilərik. Mümkün qədər yuxarı yerə çıxmağa çalışacağıq.

- Həyatda çox zarafatcılsınız. Bu gün də 1 aprel Beynəlxalq gülüş günüdür. Maraqlıdır ki, bu gün kiminlə zarafat etmisiniz? Yaxud, sizinlə zarafat edən olubmu?
- Mənimlə zarafat edən olmayıb, amma mən etmişəm. Komandamızın məşqçisi olan Zakir Mahmudova dedim ki, oyunumuzun vaxtı dəyişdirilib. “Simurq”la oyunumuz aprelin 4-də yox, 6-da keçiriləcək. Köməkçim də bunu eşidib, özündən çıxdı. Dedi, əşi belə iş olar. Onu yaman “havalandırmışdım”.

- Bəs əvvəllər sizinlə zarafat edən olubmu?
- Biri yaxşı yadımdadır. Hətta bunu televizorda demişdilər. Guya, mən avtomobil qəzasına düşmüşəm. Özü də həmin vaxt yığmanın oyunu vardı. Ailə üzvlərim, qohum-əqrəba bu xəbəri eşidib, yaman narahat olmuşdu. Başlamışdılar məni axtarmağa. Mən də həmin vaxt evdə yatırdım. Dedim ki, bu, doğru deyil, 1 aprel zarafatıdır. Əlbəttə, belə gündə yalan danışmaq olar. Ancaq təbii ki, hər şeyin bir həddi olmalıdır. Belə ciddi məsələ ilə zarafat etmək məqsədəuyğun deyil.
0