“Yığmaya namizədlər başqa komandalarda oynayırlarsa, deməli, çatışmazlıqları var” - MÜSAHİBƏ
01.04.2009 - 17:41
“Yığmaya namizədlər başqa komandalarda oynayırlarsa, deməli, çatışmazlıqları var” - MÜSAHİBƏ
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadənin müsahibəsi

- Rəhbərlik etdiyiniz komandanın Antalyada keçirilən təlim-məşq toplanışı barədə fikirlərinizi öyrənmək istərdik…
- Hazırlıq prosesi yaxşı keçdi. Bunun üçün komandaya hər cür şərait yaradılmışdı. Buna görə AFFA rəhbərliyinə təşəkkür edirəm. Toplanış müddətində əsas məqsədimiz heyətə yeni cəlb edilən uşaqları və komandanın əsasını təşkil edən oyunçuları sınaqdan keçirmək idi. Bildiyiniz kimi, fevraldakı toplanış zamanı heyətə bir neçə yeni futbolçu cəlb etmişdik. Onlardan 3-4 nəfəri özlərini yaxşı tərəfdən göstərə bildilər. Digərləri də pis deyildilər. Ancaq fiziki planda geri qalırdılar. Antalyada olduğumuz müddətdə 3 oyun keçirdik. Yəni fiziki hazırlıq üzərində işləməyə vaxtımız olmadı. Ümumi götürdükdə, toplanışdan razı qaldım.

- Yoxlama oyunları barədə nə deyə bilərsiniz?
- İlk oyunda Özbəkistan U-19-u ilə qarşılaşdıq. Bu oyunda futbolçulardan tam razı qaldım. Uşaqlar həm fiziki cəhətdən, həm də tapşırıqları yerinə yetirmək baxımından özlərini yaxşı tərəfdən göstərdilər. Bunun nəticəsində 1:0 hesabı ilə qələbə qazandıq. Təəssüflər olsun ki, bu çıxışı Rusiya çempionatının ikinci divizionunun Qərb bölgəsində mübarizə aparan Murmansk "Severnı"sınA qarşı oyunda təkrarlaya bilmədilər. 1:2 hesabı ilə məğlub olduğumuz oyunun gedişində, xüsusilə də yeni dəvət etdiyimiz futbolçularda yorğunluğun olduğunu gördüm. Ancaq onların istəkli olması və sona qədər mübarizə aparmağa çalışmaları məni sevindirməyə bilməzdi. Üçüncü oyuna gəldikdə, hesabı erkən açdıq. Bundan sonra uşaqlar meydanda rahat oynamağa başladılar. Həm də qarşılaşmanın gedişində tez-tez əvəzetməyə əl atırdım ki, uşaqlar yüklənməsin, yorulmasın.

- Futbolçuların hazırlığı sizi qane etdimi?
- Bakıdakı oyunlarda yerli komandalarla qarşılaşdığımızdan, yeni gələn futbolçuların gücünü beynəlxalq oyunlarda yoxlamaq istədim. 3-4 nəfərdən razı qaldım. Onlar meydanda çox rahat hərəkət edirdilər.

- Razı qaldığınız futbolçuların adlarını açıqlaya bilərsinizmi?
- Buna ehtiyac yoxdur. İndi kimlərinsə adını çəksəm, onlarda məşqlərə laqeyidlik yarana bilər ki, bu da işimizə mənfi təsir edə bilər. Ancaq oyunlardan sonra uşaqlarla söhbət əsnasında kimin yaxşı, kimin zəif oynadığını deyirdim. Növbəti toplanış zamanı həmin oyunçuları da dəvət edəcəyəm. Hələlik tezdir.

- Toplanışa nəzərdə tutduğunuz oyunçuların hamısını apara bildinizmi?
- U-17 Avropa çempionatının elit raundunda çıxış etdiyindən, bu komandadan gəlməli olan futbolçuları toplanışa cəlb etmədim. Nəzərdə tutduğum digər uşaqları hazırlığa aparmışdım. Həm də heyətdə futbolçuların sayı nə qədər çox olsa, rəqabət də, məsuliyyət də artar.

- U-17-dən kimləri U-19-a dəvət edəcəksiniz?
- Ad çəkmək istəmirəm. Çünki onlardan bir neçəsi Premyer Liqa klublarının əvəzedici komandasında çıxış edir. İndi hansı səviyyədə olduqlarını bilmirəm. Oyunlarını izlədikdən sonra qərar verəcəyəm. Kim güclü və hazırdısa, o da yığmaya dəvət ediləcək.

- Seleksiya işləri davam edirmi?
- Əlbəttə. Artıq klubların nəzdindəki U-17-lərin çempionatında ikinci dövrə başlayıb. Bu komandaların oyunlarını izləyib, perspektivli uşaqları diqqət mərkəzində saxlayacağıq. Əyalət komandaları da yaddan çıxmayıb. Ümumiyyətlə, U-19-a Premyer Liqada oynayan uşaqları dəvət etmək istəyirik. Çünki bu yaşda uşaqlar artıq əsas komandada oynamalıdırlar. Onlar əvəzedici və ya başqa komandalarda oynayırlarsa, deməli, nəsə çatışmazlıqları var.

- Növbəti toplanış nə vaxt olacaq?
- Hələ planlaşdırılmayıb. Bu məsələyə yaxın günlərdə aydınlıq gətiriləcək.

- Payızda keçiriləcək Avropa çempionatının qrup mərhələsindəki rəqiblərimiz haqqında məlumat toplayırsınızmı?
- İsrail və Polşa U-19-unun iştirakı ilə keçirilən oyunların videoyazısı var. Hər iki komanda ötən il rusiyalı həmyaşıdları ilə qarşılaşıb. Yalnız Danimarkanın oyununun videoyazısı hələ ki yoxdur.

Mənbə: affa.az
0