30 dəqiqəyə 12 qol buraxan klub diskvalifikasiya olundu
30.04.2009 - 11:13
30 dəqiqəyə 12 qol buraxan klub diskvalifikasiya olundu
Türkiyə Futbol Federasiyası (TFF) həvəskar liqada mübarizə aparan “Kelkit Hürriyetspor” və “Şiran Karacaspor” klublarını diskvalifikasiya edib. Apasport.az saytının məlumatına görə, TFF liqanın favoritlərindən sayılan “Kösespor” komandasının şikayətindən sonra araşdırma apararaq, belə sərt cəza qərar çıxarıb. Diskvalifikasiyaya səbəb “Kelkit Hürriyetspor”un “Şiran Karacaspor”a bilərəkdən 2:12 hesabı ilə uduzmasıdır.

Belə ki, çempionluq uğrunda mübarizə aparan “Şiran Karacaspor” səfərdə “Kelkit Hürriyetspor”a qarşı keçirdiyi matçın birinci hissəsində qapısında 2 qol görüb. Fasilədə tərəflər razı gəldiklərindən ikinci hissədə misli-görünməmiş hadisə baş verib. “Şiran Karacaspor” 1 futbolçu azlıqda olmasına baxmayaraq, 30 dəqiqəyə 12 qol vurub. Bu komanda 12:2 hesablı qələbə sayəsində çempionatdakı əsas rəqib “Kösespor”la xal fərqini aradan götürüb, həmçinin topların nisbətində önə keçib.

TFF görüşün nəticəsindən şübhələndiyi üçün araşdırma aparıb və komandaların razılığına gəldiyini sübuta yetirib. Buna görə də “Kelkit Hürriyetspor” və “Şiran Karacaspor” klubları 2009/10 mövsümündə oynamaq hüququndan məhrum ediliblər. Federasiyaya şikayət etmiş “Kösespor” isə növbəti çempionatda daha yüksək liqada çıxış edəcək.
0