Əziz Yıldırım azərbaycanlı futbolçuların məşqini izləyib
31.07.2009 - 17:13
Əziz Yıldırım azərbaycanlı futbolçuların məşqini izləyib
“İstanbula çatdığımız andan bizə göstərilən böyük diqqəti hiss etdik. Bir neçə televiziya və qəzetin əməkdaşı bizim Türkiyəyə gəlişimizlə bağlı geniş informasiya verdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Akademiya” (U-15) komandasının baş məşqçisi Təbriz Həsənov deyib.

İyulun 14-dən etibarən Türkiyənin “Fənərbaxça” klubunun bazasında hazırlıq keçən komandamızın çalışdırıcısı toplanışla bağlı fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb: “Əvvəllər “Fənərbaxça”nın istifadə etdiyi “Dərəağzı” bazasında məşq keçirik. Bir sözlə, hər şey çox yüksək səviyyədədir. Komandanı “Fənərbaxça”nın forması ilə təchiz ediblər. Komandada hər şey qaydasındadır. İlk günlər uşaqlar buraya uyğunlaşmaqda çətinlik çəkirdilər, artıq bu problem də həll olunub”.

Həsənov İstanbuldakı ilk məşqdə “Fənərbaxça” prezidenti Əziz Yıldırımın iştirak etdiyini də bildirib: “İlk məşqimizdə klubun prezidenti Əziz Yıldırım gəlib bizimlə maraqlandı. Sözün açığı, belə bir şey olacağını gözləmirdik. Hətta türkiyəli məşqçilər də təəccübləndilər. Çünki Əziz Yıldırım adətən aşağı yaş qrupu üzrə komandaların məşqinə getmir. Ancaq bizim ilk məşqimizi təxminən saat yarım izlədi, uşaqlarla söhbət etdi. Məşqdən sonra mənimlə görüşüb uşaqlar haqda məlumat aldı. Hər hansı problemimizin olub-olmadığını soruşdu. Bu, uşaqların da məsuliyyətini artırdı”.
0