“Karpatı”ının idman direktoru: Xodukinin bizə yardımçı olması mümkündür
31.07.2009 - 17:30
“Karpatı”ının idman direktoru: Xodukinin bizə yardımçı olması mümkündür
“Azərbaycan çempionatında çıxış edən oyunçular haqda elə də çox informasiyamız yoxdur. Futbolçularınız Ukraynanın yüksək liqasında az bərkə-boşa düşüblər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ukraynanın “Karpatı” klubunun idman direktoru Taras Qordiyenko deyib.

Lvov şəhərini təmsil edən komanda hələ SSRİ dövründə güclülər dəstəsində çıxışı ilə tanınıb, 40 il öncə SSRİ kubokunu qazanıb. Yeri gəlmişkən, “Simurq”un ukraynalı baş məşqçisi Roman Pokora həmin vaxt “Karpatı”nın heyətində olub. “İnter”i çalışdırmış, hazırda isə klubda digər vəzifəyə keçirilən 70 yaşlı Valentin Xodukin uzun müddət “Karpatı”nın da sükanı arxasında olub. Qordiyenko da əslən Lvov şəhərində olan həmyerlisini yaxşı tanıdığını gizlətmir: “Əlbəttə ki, azərbaycanlı futbolçu maraq dairəmizə düşərsə, Xodukinin bizə yardımçı olması mümkündür. Bunda başqa söhbət yoxdur. Əgər buna ehtiyac yaranarsa, Xodukin öz məsləhətlərini verə və biz də bundan yararlana bilərik. İndiki vəziyyətdə isə bizə yaxşı tanış olan konkret futbolçunun, yəni son yarımda ölkənizdə “Bakı”nın heyətində çıxış edən Vilyam Roşa Batistaya yenidən sahib olmaq ideyasına qayıtmışıq”.

“Karpatı”nın rəsmisi Xodukinin dəvət edib, yenidən onunla birgə çalışmaq məsələsinə belə münasibət bildirib: “Bilirsiniz, məşqçilik spesifik işdir. Bu, artıq tamamilə başqa məsələdir. Əlbəttə, Xodukinin peşəkarlığını, məşqçilik bacarığını, şəxsi keyfiyyətlərini yaxşı bilirik. Ola bilsin ki, məsələ artıq komandamızın gənc olmasından gedir. Bildiyimizə görə, Xodukin artıq “İnter”in baş məşqçisi deyil və klubda məsləhətçi işləyir. Ancaq gələcəkdə ona belə bağlasaq belə, bu, o demək deyil ki, onu komandamızın sükanı arxasına qaytarmağı düşünürük”.
0