İrfan Saraoğlu: Azərbaycan futboluna xidmət etmək mənim üçün çox önəmlidir
31.07.2009 - 18:13
İrfan Saraoğlu: Azərbaycan futboluna xidmət etmək mənim üçün çox önəmlidir
“Azərbaycan futboluna xidmət etmək mənim üçün çox önəmlidir. Ümid edirəm ki, bu işin öhdəsindən gələ biləcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Akademiya”nın (U-15) məşqçisi İrfan Saraoğlu deyib.

İyulun 14-dən etibarən Türkiyənin “Fənərbaxça” klubunun bazasında olan təmsilçimizin çalışdırıcısı AFFA-nın saytına hazırlıqla bağlı fikirlərini bildirib: “Ağır yükün altına girdiyimi anlayıram. Bu yaş dövründə olan uşaqlarla çalışmaq çox çətindir. Komandada istedadlı uşaqlar var. Onlar üçün xüsusi proqram hazırlamışıq. Bu proqram saat 9-da başlayıb, gecə 22-23-də başa çatır. Darıxmamaları üçün müxtəlif tədbirlər görürük. Məsələn, İstanbula gəzintiyə aparırıq, muzeyləri və tarixi yerləri ziyarət edirik və s. Gəldikləri gündən bəri müəyyən yol qət ediblər. Ancaq uşaqları tam tanımaq, nəyə qadir olduqlarını öyrənmək üçün müəyyən qədər zamana ehtiyacımız var”.

Qeyd edək ki, İ.Saraoğlu uzun illər “Fənərbağça”da aşağı yaş qrupu üzrə komandaların baş məşqçisi işləyib, klubun əvəzedici komandasını 3 dəfə Türkiyə çempionu edib. Bundan əlavə, o, “Fənərbaxça”da 2 il Kristof Daumun, 2 il isə Artur Zikonun köməkçisi işləyib.
0