Zorlamada ittiham olunan futbolçular həbs olunub
01.08.2009 - 12:13
Zorlamada ittiham olunan futbolçular həbs olunub
Avroliqada çıxış edən İsrailin “Hapoel” komandasının iki oyunçusu – Duqlas da Silva ilə İtay Şexter İsveçin Höteborq şəhərinin hava limanında polis tərəfindən saxlanılıb. Apasport.az saytının məlumatına görə, futbolçular turnirin üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Höteborq” komandası üzərində səfərdə qazandıqları qələbədən (3:1) sonra isveçli qızı zorlamaqda ittiham olunurlar. “Hapoel” rəhbərliyi oyundan sonra gecə saat 2-yə - hava limanına yollanana kimi bütün futbolçularına sərbəstlik verib. Qələbəni diskotekada qeyd edən braziliyalı Duqlasla israilli İtay yerli qızla əyləndikdən sonra zorakılığa əl atıblar. Xəsarət alan qızın sözlərinə görə, futbolçular onu oteldə otaqlarına dəvət edərək zorlayıblar. Ancaq futbolçular iddia edirlər ki, şikayətçi qız onları şantaj edir. Onlar bildiriblər ki, həmin qız onlardan pul tələb edib və ala bilmədikdə şantaj etməyə başlayıb. Polis bir sutka ərzində qəti qərar qəbul etməlidir. Bu müddətdə “Hapoel”in futbolçularına qarşı ittihamın nə dərəcədə əsaslı olduğu və onların aqibəti müəyyənləşməlidir.

Qeyd edək ki, futbolçularla birgə klubun direktoru Mordi Dadon da İsveçdə qalıb. Höteborqun yəhudi diasporu futbolçuları müdafiə etmək üçün vəkil tutub.
0