“AzAL”-dan “Levski”nin iddialarına cavab
01.08.2009 - 12:15
“AzAL”-dan “Levski”nin iddialarına cavab
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (““AzAL” QSC) “Bakı” futbol komandası ilə oynamaq üçün Azərbaycana gəlmiş Bolqarıstanın “Levski” komandasının Heydər Əliyev Beynəlxalq Hava Limanında problemlərlə üzləşməsi və onlardan əlavə pul tələb edilməsi barədə yayılan məlumatlarla bağlı rəsmi açıqlama yayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin xidmət rəisi Məhərrəm Səfərli APA-ya bildirib ki, Bakı-Sofiya marşrutu üzrə LZB-8214 nömrəli reysin uçuşu iyulun 28-də, saat 23:00-a planlaşdırılsa da, reyslə uçmalı olan “Levski” futbol komandasının üzvləri aeroporta vaxtından çox gec gəldikləri üçün onların qeydiyyatı saat 23.30-da başa çatıb. “SW Biznes Aviation” MMC-nin nümayəndəsi həmin vaxt aeroporta gəldikdən sonra reys üzrə ödənişlə bağlı problem ortaya çıxıb. Buna görə də reysin uçuşu gecə saat 24.00-dək yubadılıb: ““Levski”nin pulu çatmadığından tətbiq olunan cəriməyə və yerüstü, texniki, habelə digər xidmətlərə görə ödənişin aparılması çətinə düşüb. Tələb olunan pul vəsaitinin kredit yolu ilə ödənilməsi “Levski”yə təklif olunsa da, komanda bundan imtina edib. Lakin az sonra həmin vəsait “SW Biznes Aviation” MMC-nin hesabına ödənilib. Ödəniş aparıldıqdan sonra gecə saat 02:24-də təyyarəyə minik başlanıb. Bundan sonra, iyulun 29-da yerli vaxtla saat 02:48-də içərisində 68 sərnişin olan “Boeinq-737” təyyarəsi Sofiya şəhərinə istiqamət götürüb”.

“AzAL” nümayəndəsi bildirib ki, “Bolqariya AİR” aviaşirkətinə məxsus olan “Boeinq-737” təyyarəsinin ekipajı Azərbaycan Mülki Aviasiya Orqanının cərimə sanksiyaları, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda gecə saat 24-dən səhər saat 7-dək uçuşlara məhdudiyyət qoyulduğu barədə “Levski”ni məlumatlandırmalı idi. Məhdudiyyətlər tətbiq edilməzdən 42 gün əvvəl AİP və NOTAM sistemlərində bu məlumat dərc olunub və bütün aviasiya şirkətləri, eləcə də “Bolqariya Air” aviaşirkəti bu barədə məlumatlandırılıb.

““Levski” komandası Heydər Əliyev Beynəlxalq Aeroportuna gecikməklə reysin yubadılmasına şərait yaradıb. Göründüyü kimi, insidentin yaranmasının əsas səbəbi məhz komanda üzvlərinin məsuliyyətsizliyi olub», - deyə M. Səfərli vurğulayıb.

M. Səfərli onu da əlavə edib ki, “AzAL” QSC “Levski” futbol komandasının Bolqarıstanın və Rusiyanın kütləvi informasiya vasitələrində dərc etdirdiyi ittihamları əsassız sayır: “Cəmiyyətin rəhbərliyi baş verən insidentlə bağlı heç bir məsuliyyət daşımadığını bəyan edir”.
0