Robinyo: Elanonun “Qalatasaray”ın əsl lideri olmasını istəyirəm
01.08.2009 - 13:16
Robinyo: Elanonun “Qalatasaray”ın əsl lideri olmasını istəyirəm
“Mançester Siti”nin braziliyalı hücumçusu Robinyo həmyerlisi Elanonun “Qalatasaray”a gedişinə görə təəssüflənir. Apasport.az saytının məlumatına görə, 25 yaşlı Robinyo uzun müddətdir dostluq etdiyi Elano ilə daha eyni komandada oynamayacağı üçün üzülür. Ancaq o, eyni zamanda dostunun qərarına hörmətlə yanaşır: “Elano kollektivimizin üzvü, uzun illərdir dostum idi. Əlbəttə, mən onun qərarını başa düşürəm. Ancaq bununla belə, Elanonun yeniləşən komandamızın da üzvü olacağına ümid edirdim. İstəyirəm ki, o, yeni komandasının da əsl lideri olsun. Bunun belə olacağına ümid edirəm. Mən baş məşqçimiz Mark Hyuzla Elano barəsində dəfələrlə söhbətləşmişəm. Ancaq onu fikrindən daşındırmaq qeyri-mümkün idi. Klub istədiyi kimi qərar qəbul etdi”.

Qeyd edək ki, Elano “Mançester Siti” çoxlu hücumçular transfer etdikdən sonra yeni mövsümdə əsas heyətdən kənarda qalacağını başa düşərək daimi oyun praktikası qazanacağı komandaya keçməyə qərar verib. 28 yaşlı hücuma meylli orta xətt oyunçusu milli komandasında yerini möhkəmlətmək, gələn il Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatında iştirak etmək istəyir və bu mövzuda baş məşqçi Dunqa ilə söhbət edib. O da Elanoya özünə daimi oynayacağı komanda tapmağı və “Qalatasaray”dan gələn təklifi qəbul etməyi məsləhət görüb. İyulun 31-də axşam İstanbula gələn ulduz futbolçu hava limanında böyük coşğu ilə qarşılanıb. Xatırladaq ki, Elano Blumer “Qalatasaray”la 4 illik müqavilə imzalayıb.
0