Qlebdən 30 min avroluq zərbə
30.10.2009 - 15:02
Qlebdən 30 min avroluq zərbə
Almaniyanın “Ştutqart” klubunun futbolçusu Aleksandr Qlebə həkimi döymək baha başa gəlib. Apasport.az saytının məlumatına görə, Belarus yığmasının üzvü olan 28 yaşlı yarımmüdafiəçi klubunun həkimi Hayko Ştrigelin üzərinə hücum etdiyi üçün 30 min avro cərimələnib.

Ştrigel Almaniya kuboku uğrunda “Qroyter Fyurt” klubu ilə oyundan sonra (0:1) Qlebə dərhal dopinq nəzarətdən keçməyi bildirib. Ancaq buna əməl etməyən futbolçu butslarını çıxartmaq üçün paltardəyişmə otağına girmək istəyib. Dopinq nəzarətə getməyi bir daha təkid edən həkim qaydalara görə paltardəyişmə otağına girə bilməzmiş. Çünki bu halda, antidopinq qaydalarına görə futbolçunu sanksiya gözləyirmiş. Münasibətləri ayırd etməyi lazım bilən Qleb Ştrigeli itələyib və qalmaqal yaranıb.

İnsident Aleksandrın komanda yoldaşı Lüdoviq Manyinin baş verənlərə müdaxiləsindən sonra yatırılıb. “Ştutqart” rəhbərliyi isə bunu cəzasız qoymayıb və belaruslu legionerini kifayət qədər böyük məbləğdə cərimələməyə qərar verib. Artıq həkimindən üzr istəyən Qleb belə hərəkətini zəif rəqibə uduzmalarına üzülməsi ilə izah edib.

Qeyd edək ki, müqavilə ilə İspaniyanın “Barselona” klubuna məxsus Qleb “Ştutqart”a icarə əsasında qayıdıb.