Kimdir haqlı: Baxşıyev, “Neftçi” rəhbərliyi, yoxsa jurnalistlər?
31.10.2009 - 00:05
Kimdir haqlı: Baxşıyev, “Neftçi” rəhbərliyi, yoxsa jurnalistlər?
Ölkə mətbuatında hərbi xidmətə yollanan Elmar Baxşıyevin fikirləri dərc olunub. Apasport.az saytının xəbərinə görə, milli komandanın və “Neftçi” klubunun futbolçusu müsahibəsində bildirib ki, AFFA və klub rəsmiləri onunla maraqlanmırlar.

“Neftçi” rəhbərliyi klubun rəsmi internet saytı vasitəsilə məsələyə münasibətini açıqlayıb: “Klub adından bildiririk ki, Elmar Baxşıyev milli komandadan geri döndüyü gündən şəxsən vitse-prezident Tahir Süleymanovla görüşüb. Elmar Baxşıyev hərbi xidmətə çağırıldıqdan sonra da davamlı olaraq, istər AFFA rəhbərliyi, istərsə də futbolçunun özü ilə, məşqçimiz Vaqif Sadıqovla birlikdə daima nəzarətdə saxlamışıq”.

Klubun saytında Baxşıyevin də fikirləri yer alıb: “Millidə olduğum dönəmdə hərbi xidmətlə bağlı məsələni şəxsən Rövnəq müəllimə bildirmişəm və bu işlərlə AFFA-nın baş katibi Elxan Məmmədov məşğuldur. “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov da hər gün mənim vəziyyətimlə maraqlanır və assosiasiyanın baş katibi ilə mənimlə bağlı söhbəti olub. AFFA və “Neftçi” mənim geri dönməyim üçün əllərindən gələni edir. Tez bir zamanda yaşıl meydanlara dönmək istəyirəm. Hazırda hər bir vətəndaşın borcu olduğu kimi hərbi xidmətimi davam etdirirəm”.

Maraqlıdır, görəsən kimdir haqlı? Mətbuata və klubun saytına müxtəlif fikirlər səsləndirən Baxşıyev, “Neftçi” rəhbərliyi, yoxsa jurnalistlər?