Şahin Diniyevə qalib gələn rusiyalı məşqçi tarixə düşdü
31.10.2009 - 11:34
Şahin Diniyevə qalib gələn rusiyalı məşqçi tarixə düşdü
Qroznının “Terek” klubunun baş məşqçisi Şahin Diniyev Moskva MOİK-indəki həmkarı Leonid Slutskinin tarixə düşməsinə şərait yaradıb. Apasport.az saytının məlumatına görə, MOİK-in sayca 10-cu baş məşqçisi olan 38 yaşlı rusiyalı mütəxəssis yeni komandasında debüt matçında həmvətənimizin rəhbərlik etdiyi kollektiv üzərində qələbə qazanmaqla rekordçu olub. Moskvanın “Lujniki” stadionunda keçirilən oyun “hərbçilər”in 1:0 hesablı qələbəsi ilə nəticələnib. Əvvəlki klublarında da debütdə qalib gələn Slutski bu ənənəni Diniyevlə görüşdə də davam etdirib. MOİK-in çalışdıran 10 mütəxəssis arasında 7-si ilk oyunda qələbə qazanıblar.

Slutskinin rekordu ondan ibarətdir ki, “hərbçilər” yeni baş məşqçisinin rəhbərliyi altında çox erkən, artıq 4-cü dəqiqədə qol vurublar. Yeganə qolun müəllifi çexiyalı hücumçu Tomaş Netsid olub. Düzdür, MOİK Rusiya çempionatlarında ilk baş məşqçisi Gennadi Kostılevin dövründə (1992-ci ildə) daha tez - artıq 2-ci dəqiqədə fərqlənib. Ancaq Slutskinin üstünlüyü debütdə qələbə qazanmasıdır. Gennadi Kostılevin yetirmələri isə 17 il öncə “Okean”la görüşdə erkən fərqlənmələrinə baxmayaraq, uduzmuşdular - 2:5.

Ümumiyyətlə, Netsid MOİK-in son çalışdırıcıları üçün düşərli futbolçudur. O, əvvəlki baş məşqçi, ispaniyalı Xuande Ramosun debüt görüşündə də (“Krılya Soverov” üzərində 3:0 hesablı qələbə) rəqib qapısına yol tapıb.

Qeyd edək ki, ötən həftə “Terek”ın əvəzedici heyətindən əsas komandasının sükanı arxasına gətirilən Diniyev ardıcıl ikinci oyunda yenilib. Debütünü də səfərdə keçirən 43 yaşlı məşqçimiz Slutkisinin keçmiş klubu “Krılya Sovetov”a məğlub olmuşdu (0:2).