“0:21 hesabı ilə uduzan ermənilər haqda danışmaq mənasızdır”
31.10.2009 - 14:28
“0:21 hesabı ilə uduzan ermənilər haqda danışmaq mənasızdır”
“Ermənilər Avropa çempionatının seçmə mərhələ oyunlarından idarəçiliyimdən narazı qalmadılar. Əksinə, onlar bizə hakimliyimizə görə minnətdarlıq etdilər”. Bu sözləri apasport.az saytına açıqlamasında azərbaycanlı qadın FİFA referisi Venera Muradova-Kahriç deyib.

Serbiyada təşkil olunan 17 yaşlı qızlardan ibarət futbol üzrə milli komandaların Avropa çempionatının seçmə mərhələ oyunlarında digər beynəlxalq dərəcəli hakimimiz Maya Nəbiyeva ilə birgə idarəçilik edən Muradova-Kahriç ermənilərin oyunlarına təyinat almışdı. 39 yaşlı FİFA referisi bədnam qonşularımızın ruslara 0:19, ispanlara 0:21 hesablı darmadağınına meydanda şahid olmuşdu. Ermənistanın meydan sahibləri ilə oyununda isə Nəbiyeva yan xətdə idarəçilik etdiyi halda, Muradova-Kahriç ehtiyat hakim funksiyasını yerinə yetirmişdi. Həmin oyunda ermənilər əvvəlki görüşlərlə müqayisədə, az top buraxsalar da, hər halda yenə acı məğlubiyyətə düçar olmuşdular - 0:12.

Bu gün vətənə qayıdan Muradova-Kahriç səfərlə bağlı təəssüratlarını apasport.az saytına danışıb. O bildirib ki, ermənilərin 17 yaşlı qızları faktiki olaraq, futbol oynaya bilmirdilər: “Belə hesabla nəticələn oyunlar haqda danışmağın nə mənası var ki? Ermənilərin bu yaşda yığması 3-4 ay öncə yaranıb. Düzdür, ilk oyundan fərqli, sonrakı görüşlərdə az da olsa, “artırdılar”, meydanda heç olmasa, mübarizə aparırdılar. Hər halda, səviyyə fərqi aşkar idi və ermənilərin belə ağır məğlubiyyətləri bunun nəticəsidir”.

Ermənilərin azərbaycanlı hakimlərin təyinat almağına narahatçılığı başa düşmək olar. Ancaq FİFA referimiz bədnam qonşularımızdan heç bir pislik, problem görməyib: “Onların bizə qarşı münasibəti çox normal idi. Ola bilsin ki, ilk oyun günü narahatçılıq var idi. Mən ermənilərin ürəklərində bizim haqda nə fikirləşdiyini deyə bilmərəm. Hər halda, onlar oyundan sonra bizə yaxınlaşıb, əlimizi sıxdırlar, hakimliyə görə təşəkkür etdilər, hətta bizi təriflədilər”.

Muradova-Kahriç idarəçiliyinin yüksək qiymətləndirildiyini də vurğulayıb: “Mənə qiymət verən hakim-inspektorlardan biri alman, digəri rumın idi. Baş hakim olduğum oyunlara görə müvafiq olaraq, 8,2 və 8,1 bal qiymət aldım. Belə görüşləri idarə etmək mənə heç bir çətinlik yaratmadı. Mənə qarşı heç bir irad, narazılıq da olmadı”.