“Slaviya”nın prezidenti azərbaycanlı futbolçunu da günahlandırdı
11.02.2010 - 10:58
“Slaviya”nın prezidenti azərbaycanlı futbolçunu da günahlandırdı
Bolqarıstanın “Slaviya” klubunun prezidenti Ventsislav Stefanov Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun heyətində yer aldığı “Anji” klubunun futbolçularını tənqid edib. Apasport.az saytının məlumatına görə, bu komandaların Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda dava-dalaş düşüb və bu səbəbdən görüşün yarımçıq dayandırılması klub rəhbərini özündən çıxarıb.

Baş verənlərə şərh verən Stefanov Şükürov və onun komanda yoldaşlarını idmançıya yaraşmayan hərəkətdə günahlandırıb: “Mən heç vaxt gözləməzdim ki, 21-ci əsrdə belə bir şey baş verə bilər. Fikrimcə, Ukraynadan olan hakimlər bu vəziyyətdə özlərini layiqli apardılar. Mən onları bu qərarları münasibətilə təbrik edirəm. Bütün düzgün insanlar bu vəziyyətdə özlərini belə aparmalıdırlar. Mən gördüm ki, meydandan qovulan futbolçu belə hərəkət etmək istəmirdi. Ancaq görünür, atasının ona təzyiqi öz sözünü dedi”.

Qeyd edək ki, oyun yarımçıq dayandırılan vaxt Sofiya təmsilçisi hesabda 2:1 irəlidə olub.