Ölkə çempionatı yeni mövsümdən hansı formatda keçiriləcək?
04.03.2010 - 13:09
Ölkə çempionatı yeni mövsümdən hansı formatda keçiriləcək?
Sabah Azərbaycan futbolunda növbəti diqqəti çəkən gün olacaq. Apasport.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında əvvəl İcraiyyə Komitəsinin (İK) iclası, ardından növbəti Konfrans keçiriləcək. Saat 10:00-da başlayacaq İK-nın gündəliyinə AFFA-nın yeni loqotipinin dizaynının müzakirəsi və digər məsələlər daxildir. Bundan 1 saat keçiriləcək Konfransın gündəliyinə AFFA-nın Nizamnaməsinə uyğun olaraq aşağıdakı məsələlər daxil edilib:

1. Prezident tərəfindən salamlama
2. Yığıncağın tərkibinin yoxlanılması
3. İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
4. Maliyyə hesabatının təsdiq olunması
5. Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
6. Növbəti ilin büdcəsinin təsdiq olunması
7. Hər hansı vakant vəzifəyə seçkilər
8. AFFA üzvlərinin təkliflərinin qəbul olunması
9. Digər məsələlər


AFFA prezidentinin də iştirak etdiyi belə mötəbər toplantılarda adətən “digər məsələlər” bölümü daha çox diqqət mərkəzində olur. Hər halda, indiyədək həm İK-da, həm də Konfransda bu ad altında müzakirəyə çıxarılan məsələlər, nəticədə qəbul edilən gözlənilməz qərarlar kifayət qədər olur. Bu mənada legioner limitini misal göstərmək olar. Ancaq limitin gələn mövsümdən yenidən tətbiq olunacağı (8+3) haqda xeyli müddətdir qərar çıxarıldığını nəzərə alsaq, bu məsələ yaxın gələcək üçün həllini tapıb.

Əvəzində indi daha çox gündəmdə olan məsələ Unibank Premyer Liqasının yeni mövsümdən hansı formatda keçiriləcəyidir. Böyük müzakirələrə səbəb olan, çoxlarının bəyənmədiyi “altılıq” sisteminin yeni mövsümdə qalıb-qalmayacağı indi hamını maraqlandırır. “Altılıq” başlayana kimi çempionatın formatı ilə bağlı yeni qərarın qəbul olunmasını zaman göstərəcək.
0