Alman nizam-intizamı bizlik deyil...
04.03.2010 - 14:59
Alman nizam-intizamı bizlik deyil...
Almanlardan söz düşəndə, adətən göz önünə öncə nizam-intizam gəlir. Təbii ki, alman mədəniyyəti, dəqiqliyi də öz yerində. Ancaq idmandan, xüsusilə, futboldan danışırıqsa, bizi nizam-intizam daha çox maraqlandırır. Azərbaycan futboluna alman məşqçilər - Berti Foqts, Bernard Lippert gələndən sonra bu baxımdan “axsayan” oyunçularımızın işlərinin yaxşılığa doğru dəyişəcəyini güman edirdik. Düzdür, indi yığmalarımızın düşərgəsində intizamsızlıq olmasa da, meydanda bu baxımdan problemlər kifayət qədərdir. Son iki ildə sarı vərəqələr kifayət qədər çoxdur, qırmızı vərəqələr isə azalmaq bilmir.

Lippertin çalışdırdığı 21 yaşlılardan ibarət yığmamızın (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə son rəsmi oyunda növbəti qırmızı vərəqəni alması problemin qaldığını göstərir. Hər halda, razılaşaq ki yığma üçün cari seçmə mərhələdə 6 oyuna 3 “qırmızı” çoxdur. Özü də bunlardan ilk ikisini Avstriya ilə oyunlarda qapıçılarımız alıb. Osman Umarov Bakıdakı oyunun sonunda rəqibi yersiz vuraraq, meydandan qovuldu və həsrətində olduğumuz qələbəyə qovuşmağa imkan vermədi. Nəticədə son dəqiqələrdə iki qol buraxan U-21 heç 1 xal da qazana bilmədi.

Avstriyadakı görüşdə isə qapıçı Elçin Sadıqovun aldığı qırmızı vərəqə yığmamızı, ən əsası da Lipperti rüsvay etdi. Məlum oldu ki, oyunun iştirak ərizəsinə bir qapıçının adını daxil edən alman çalışdırıcının sərəncamında digər əlcək sahibi yoxdur. Belə olan halda, U-21 oyunun yarıdan çoxunu qapıçımız, “çərçivə”ni qorumağa özündə cəsarət tapan müdafiəçi Vurğun Hüseynovun hesabına keçirdi və daha iki qol buraxaraq böyük hesabla uduzdu. Əslində, Lippertə qədər də U-21-in intizamsızlıqla bağlı problem vardı və son iki seçmə mərhələdə aldığımız qırmızı vərəqələrin sayı artıq 5-ə çatıb.

Təəssüf ki, Foqtsun komandasında da bu problemlər var. Alman mütəxəssis yığmamızda debüt oyunundaca qırmızı vərəqənin əziyyətini çəkdi və Uels məhz 10 nəfərlə qaldığımızdan sonra qələbə topunu vura bildi. Fabio Luis Ramimdən sonra Rail Məlikov, Rəşad Sadıqov, Samir Abbasov da Foqtsu çətin vəziyyətdə qoyub. Özü də Rəşadla Samir kapitan kimi “fərqlənib”. Sadıqovun yoxluğunda milli komandamızda sarğını məhz vitse-kapitan Abbasov daşıyır. Təbii ki, komanda azlıqda qalanda nəticə, qələbə qazanmaq çox çətin olur. Bu, elə qırmızı vərəqə aldığımız oyunlarda da özünü göstərib. Yalnız bir dəfə, onda da yoldaşlıq görüşündə bunun əksinin şahidi olmuşuq. Yəni, yığmamız Rail meydandan çıxarılandan sonra 10 nəfərlə qalsa da, Bəhreynə səfərdə qələbə topunu vurmağa müvəffəq olub.

Göründüyü kimi, düşünməyə dəyər. Nəticə qazanmağa başlayan Foqtsla Lippert artıq nizam-intizamla bağlı problemləri də yoluna qoymalıdır. Əks təqdirdə, Şotlandiyada olduğu kimi, qırmızı vərəqənin güdazına gedəcək, üstünlüyümüzü qoruya bilməyəcək və meydandan qovulmaların davamı gələcək.

Allah bizi bütün bunlardan qorusun!!!

U-21-nin son iki seçmə mərhələdə qırmızı vərəqələri

11 sentyabr 2007-ci il

2009-cu il Avropa çempionatının seçmə mərhələ oyunu.
Xorvatiya – Azərbaycan – 3:2
Namiq Yusifov, 70-ci dəqiqə
Baş məşqçi: Şakir Qəribov

14 oktyabr 2007-ci il
2009-cu il Avropa çempionatının seçmə mərhələ oyunu.
Farer adaları – Azərbaycan – 1:0
Ruslan Abışov, 80
Baş məşqçi: Şakir Qəribov

10 oktyabr 2009-cu il
2011-ci il Avropa çempionatının seçmə mərhələ oyunu.
Azərbaycan – Avstriya – 1:2
Osman Umarov, 87

18 noyabr 2009-cu il
2011-ci il Avropa çempionatının seçmə mərhələ oyunu.
Avstriya – Azərbaycan – 4:0
Elçin Sadıqov, 34

2 mart 2010-cu il
2011-ci il Avropa çempionatının seçmə mərhələ oyunu.
Şotlandiya – Azərbaycan – 2:2
Tural Axundov, 31

Milli komandamızın Berti Foqtsun dövründə qırmızı vərəqələri

6 sentyabr 2008-ci il.

2010-cu il dünya çempionatının seçmə mərhələ oyunu.
Uels – Azərbaycan – 1:0
Fabio Luis Ramim, 68

15 noyabr 2008-ci il.
Beynəlxalq yoldaşlıq görüşü.
Bəhreyn – Azərbaycan – 1:2
Rail Məlikov, 44

2 iyun 2009-cu il.
Beynəlxalq yoldaşlıq görüşü.
Türkiyə - Azərbaycan – 2:0
Rəşad Sadıqov, 51

9 sentyabr 2009-cu il.
2010-cu il dünya çempionatının seçmə mərhələ oyunu.
Almaniya – Azərbaycan – 4:0
Samir Abbasov, 50

Mehman SÜLEYMANOV
0