Klublar AFFA-dan nə umur: “Altılıq” qalsın, qalmasın? - SORĞU
04.03.2010 - 16:22
Klublar AFFA-dan nə umur: “Altılıq” qalsın, qalmasın? - SORĞU
Sabah AFFA-nın İcraiyyə Komitəsinin və növbəti Konfransının iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, digər məsələlər adı ilə gündəliyə daxil edilən mövzular açıqlanmasa da, ölkə çempionatının formatının müzakirəyə çıxarılacağı gözlənilir. Elə ölkənin aparıcı klubları da bu məsələnin yoluna qoyulmasının tərəfdarıdır. Unibank Premyer Liqasının ilkin mərhələsinin nəticələrinə əsasən, ilk 5 pilləni tutan komandaların rəsmilərinə aşağıdakı sualla müraciət etdikdə də bunun şahidi olduq.

1. Sabah keçiriləcək AFFA-nın İcraiyyə Komitəsi və növbəti konfransından çempionatla bağlı hansı qərarı gözləyirsiniz?
2. Sizcə, indi mövcud olan “altılıq” sistemi özünü doğruldurmu?
3. Bu formatın yeni mövsümdə qalması, yoxsa dəyişdirilməsini istəyirsiniz?
4. Formatla bağlı təklifiniz nədir?


Georgi Nikolov, “İnter”in prezidenti

1. Konfransda hesabatlar dinlənilməlidir. Amma mənim də orada bir iki sualım olacaq. Məni çempionatın formatı ilə bağlı məsələlər maraqlandırır.
2. Mən “altılıq” formatının düzgün olmadığını bilirəm. Hərçənd, indiki sistemlə işlərimiz yaxşı gedir. Həm çempionatın ümumi yekununa, həm də qızıl xallara görə zirvədəyik. Ümumilikdə götürəndə də “altılığ”a güclülər düşüb. Düzdür, “Olimpik-Şüvəlan”la “Simurq”un orada olmamasına üzüldüm. Lakin “altılıq” məsələsinə qlobal yanaşıram. Bu düzgün deyil ki, 7 ay əziyyət çəkirsən, qol vurub xal qazanırsan, sonra da bunlar silinir. Bu futbolçuların əməyinin heçə endirilməsidir. Bəlkə bombardirlər yarışında da qızıl qolları hesablasınlar?
3. Mən “altılığ”ın qalmasını istəmirəm. Əvvəlki sistem daha yaxşı idi. İndi elə çıxır ki, ikinci “altılıq”dakılar mübarizədən kənar düşür. Hərçənd, əvvəl onlar da çempionun müəyyənləşdirilməsində iştirak etmək imkanına malik idilər.
4. Mən 10 komandanın 4 dövrədə oynamasının tərəfdarıyam. Lakin təbii ki, bu müzakirələrdən sonra qəbul olunacaq məsələdir.

Tuyqun Nadirov, “Xəzər-Lənkəran”ın vitse-prezidenti
1. Orada konkret hansı məsələlərin müzakirə olunacağı haqda məlumat verilməyib. Buna görə nəyisə dəqiq deyə bilmərəm.
2. “Altılıq” sisteminin nə dərəcədə özünü doğrultduğunu indidən söyləmək düzgün deyil. Bunun üçün çempionatın başa çatmasını, onun nəticələrinə əsasən klublarımızın avrokuboklarda oynamasını gözləmək lazımdır. Yalnız bundan sonra “altılıq”la bağlı fikir yürütmək olar.
3. Klublar kimi, AFFA da futbolun inkişafı üçün ən optimal variant seçəcək. Düşünürəm ki, onların üstünlük verəcəyi format ən düzgün seçim olacaq. Bizə isə həmin sistemlə oynamaq qalır.
4. Məncə, 12 komandalı sistemdə ən optimal variant “altılıq” idi. Əks halda, iki həftədən bir oynamalı olardıq. Bu zaman mövsüm üçün qarşılaşmaların sayı az olardı. Formatın dəyişməsi üçün ilk növbədə komandaların sayı fərqli olmalıdır. Buna isə AFFA qərar verməlidir.

Əmrah Çəlikəl, “Qarabağ”ın direktoru
1. Orada hansı məsələlərin müzakirə olunacağını bilmirik. Ora gedib iştirak edərik.
2. Komandalara daha çox oyun keçirmək lazımdır. Bu baxımdan indiki format yaxşıdır. Çünki futbolçular oyun praktikası toplaya bilir.
3. Hansı qərar qəbul etsələr, onunla da oynayacağıq.
4. Bu haqda düşünmürük. Çünki bu bizim işimiz deyil.

Bülənt Korkmaz, “Bakı”nın baş məşqçisi
1. Təbii ki, AFFA-da keçiriləcək toplantılar haqda məlumatım var. Orada bizim klubun da nümayəndələri də iştirak edəcək və müvafiq qərarlar qəbul olunacaq.
2. “Altılıq” sisteminin üstünlükləri olduğu kimi, çatışmazlıqları da var.
3. Komandaların sayının çox olması üstünlükdür. Amma onu nəzərə alaq ki, yeni mövsümdə legioner limiti tətbiq olunacaq. Yəni meydanda 8 legioner və 3 azərbaycanlı olacaq. Klubların çox olması isə yerli futbolçu çatışmazlığına səbəb ola bilər. Komandaların sayının 14-dən 12-yə enməsi ilə qarşılaşmalar daha maraqlı keçir.
4. Məncə format əsas deyil. Məsələyə kompleks yanaşmaq lazımdır. Yerli futbolçunun yetişməsi üçün baza, infrastruktur olmalıdır. Azərbaycanın heç də bütün klublarında bu yoxdur. Bundan əlavə azarkeşləri stadionlara cəlb etmək də vacib məsələlərdəndir. AFFA baza, stadion və uşaq futbolu ilə bağlı məsələləri klub qarşısına vacib şərt kimi qoymalıdır.

Fariz Nəcəfov, “Qəbələ”nin vitse-prezidenti
1. Açığı işlərimlə əlaqədar ölkəyə bu gün qayıtdığımdan orada hansı məsələlərin müzakirə olunacağından xəbərsizəm.
2. Hesab edirəm ki, “altılıq” sistemi özünü doğrultmadı. Çünki belə sistemlə bəzi oyunlar maraqsız keçirdi.
3. Çempionatın əvvəlki sistemlə keçirilməsi yaxşı olardı. Komandaların sayının 12-yə endirilməsi məcburiyyətdən atılmışdı. Bu klubların maddi imkanları ilə bağlı idi. Bəzi klublar məhz bu səbəbdən Premyer Liqada oynamaq iqtidarında deyildilər. Düşünürəm ki, indi AFFA və PFL ən düzgün qərar verəcək. Biz də buna hörmətlə yanaşacağıq.
4. Məncə komandaların sayının artırılması yaxşı olardı. Təbii ki, onların büdcələrinin buna imkan verməsi əsas şərt olmalıdır.
0