Fatih Terim Bülənt Korkmazı nümunə göstərdi
04.03.2010 - 17:24
Fatih Terim Bülənt Korkmazı nümunə göstərdi
Məşhur türkiyəli mütəxəssis Fatih Terim “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmazı yada salıb. Apasport.az saytının məlumatına görə, “İmperator” “Qalatasaray” və Türkiyə yığmasında uzun illər rəhbərliyi altında oynayan kapitanı nümunə göstərərək, onun ölkəmizdəki fəaliyyətini qeyd edib.

Terim bu fikri digər yetirməsi Tuqay Kərimoğlunun “Qalatasaray”da təyinatı ilə bağlı təşkil olunan tədbirdə səsləndirib. 40 yaşlı Tuqay karyerasını bitirdikdən sonra “Cim Bom”a uşaq futbol məktəbinin rəhbəri kimi qayıdıb. Bu etimada görə tədbirə qatılan “Qalatasaray”ın prezidenti Adnan Polata minnətdarlıq edən “İmperator” təbriklərini çatdırıb: “Artıq Tuqay aid olduğu camiəyəyə uşaq futbolunda xidmət edəcək. O, yeni tuqaylar, oktaylar, ardalar, şükürlər yetişdirmək üçün çalışacaq. Gənclərə nəyin doğru, nəyin yanlış olduğunu göstərəcək. Bu, Kərimoğlu üçün daha böyük vəzifələrin bir başlanğıcı olacaq. “Qalatasaray”da yaşadığım sevinclərin ona da nəsib olmasını diləyirəm. Buraya bir çox insanlar xidmət etdi. Rəhmətlik Salih hocadan Əli Yavaşa qədər hər kəs vəzifə aldı. Bir çox mütəxəssis dünya futboluna xidmət edir. Bülənt Korkmaz Azərbaycanda bir uşaq futbol məktəbi yaradır. Tuqay da çox önəmli bir yerə gəldi”.

“Qalatasaray”ın futbol məktəbində böyük xidməti olan, bir sıra istedadlı futbolçular yetişdirən Əli Yavaş ölkəmizdə də uşaq futbolunda işləyir. O, “Qəbələ” klubunda Uşaq Futbol Akademiyasının direktoru postunda çalışır.

Qeyd edək ki, Korkmaz Kərimoğlu ilə birgə “Qalatasaray”da UEFA kuboku, Türkiyə yığmasında dünya çempionatının bürünc medalını qazanıb.
0